"Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətində bu ilin sonunda və ya gələn ilin əvvəlində açılacaq".
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib. Sədr bildirib ki, bu istiqamətdə hazırlıq işləri aparılır.
Rövşən Rüstəmov / Foto: corp.ady.azRövşən Rüstəmov İran səfəri barədə də məlumat verib. Sədr qeyd edib ki, İrana baş tutan səfərin əsas məqsədi Ağbənd-Salam Məlik istiqamətində həyata keçiriləcək dəmir yolu xətti layihəsi ilə bağlı olub.
“Artıq dəmir yolu Ağbənd istiqamətinə doğru çəkilir. Növbəti mərhələdə Naxçıvan MR dəmir yolunun yenidən qurulması üçün tam layihə sənədləri hazırlanır. İranlı həmkarlarımızla aparılan danışıqlarda, İran tərəfdən keçəcək dəmiryol xəttinin marşrutu bir daha müzakirə olundu”-deyən Rövşən Rüstəmov əlavə edib ki, ən uyğun və optimal marşrut demək olar ki, razılaşdırılıb. Hazırda körpülərin yerləri və dəmir yol xəttinin keçəcəyi marşrut üzərində son danışıqlar aparılır.
İradə Cəlil, Bizimyol.info






