Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnnovasiya istiqamətində Afrika standartları: Hesabatda Botsvanadan, Kabo-Verdedən geridəyik
İnnovasiya istiqamətində Afrika standartları: Hesabatda Botsvanadan, Kabo-Verdedən geridəyik

Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (WIPO) 2024-cü il üçün Qlobal İnnovasiya İndeksini açıqlayıb. Azərbaycan sıralamada xeyli geriləyib və 95-ci yerə düşüb. Nəzərə almaq lazımdır ki, siyahıda dünya ümumi daxili məhsulunun 99 faizini təşkil edən 133 iqtisadiyyat yer alır. Yəni mövqeyimiz yetərincə zəifləyib.

Bizimyol.info xəbər verir ki, Azərbaycandan öndə hətta Şri-Lankanın, Barbadosun, Pakistanın, Botsvananın və Kabo-Verdenin adını görmək olur. Keniya ilə bu məsələdə qonşuyuq. Ümumiyyətlə, bizdən o tərəfə daha çox Afrikanın və Asiyanın inkişaf etməmiş ölkələrinin adları gözə dəyir.

Siyahıya İsveçrənin başçılıq etməsinə təəccüblənmək olmur. İsveç 2-ci, ABŞ 3-cüdür. Onluqda Sinqapur, Böyük Britaniya, Cənubi Koreya, Finlandiya, Niderland, Almaniya və Danimarka da görünür. Estoniyanın 15-ci pillədə olması bizim üçün tərs şillədir.

Ayrı-ayrı ölkələrdə qlobal innovasiya ilə bağlı hesabat müxtəlif kriteriyaları nəzərə almaqla tərtib olunur. Burada institutların fəaliyyəti, insan kapitalı, tədqiqatlar, infrastruktur, bazar və biznesin inkişafı əsas istiqamətlər sayılır. Elmi-texnoloji yeniliklər, kreativ nəticələr indeksdə xüsusi rol oynayır. Hətta hər hansı araşdırma oxumadan da əminliklə deyə bilərik ki, Azərbaycan bu istiqamətlər üzrə autsayderlər qrupunda yer almağa layidir. Çünki müxtəlif istiqamətlərdə çox geridəyik. Bizim ölkədə daha çox görüntüyə fikir verilir. Guya daim innovativ addımlar üzərində baş sındırılır. Halbuki adicə müştərilərə ödədiyi pulun müqabilində almağa haqqı çatan internet sürətini verə bilmirik.

INMerge İnnovasiya Sammitinə ölkənin nə qədər böyük şirkətləri sponsorluq edib. Belə tədbirlərin keçirilməsi asan başa gəlmir. Amma indeksdəki indikatorlara cavabdeh olan xeyli rəsmi şəxs sammitdə iştirak etməyib. Hərçənd, 95-ci yer ciddi narahatlıq yaratmalıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Əqli Mülkiyyət Agentliyi, başqa bir sıra qurumlar vəziyyətdən çıxış yolu barədə düşünməlidir.

Həmişə Avropa standartlarının öhdəsindən gəlməyimiz barədə fəxrlə danışırıq. Məlum oluruq ki, Afrika standartlarına daha çox yaxınlaşmışıq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »