"Meta" saxta reklamlar üçün yeni üz tanıma mexanizmi yaradıb.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, hazırlanmış alqoritm saxta reklamlarda istifadə edilən məşhur adların üzlərini həmin şəxslərin profil şəkilləri ilə müqayisə edəcək.
Süni intellektə əsaslanan texnologiyaların inkişafı fırıldaqçılıq cəhdlərinin artmasına səbəb olub. İndi inkişaf etmiş texnologiyalar məşhur adların simalarından və səslərindən istifadə edərək saxta məzmun istehsal etməyə imkan verir. Bu vəziyyətdən xəbərdar olan "Meta" mövzu ilə bağlı diqqətçəkən açıqlama verib.
Açıqlamaya görə, məşhurların səs və görüntülərinin saxtakarlıq məqsədilə istifadə olunduğu reklamlar bundan sonra üz tanıma sistemləri ilə yoxlanılacaq.
Əslində, "Meta" üz tanıma sistemləri ilə tanış olan bir şirkətdir. Çünki əvvəllər "Facebook" üçün üz tanıma sistemi yaradılsa da, sonradan bu sistem yığışdırılıb. Burada edilən açıqlama, bu dəfə saxtakarlığın qarşısını almaq üçün üz tanıma sistemindən istifadə ediləcəyini ortaya qoyur.
Məşhurların və dövlət məmurlarının üzləri skan ediləcək
"Meta"nın rəsmi açıqlamasına görə, üz skan sistemi "Facebook" və "Instagram" reklamlarında istifadə olunacaq. Məşhurların və tanınmış dövlət məmurlarının üzlərini skan edəcək sistem növbəti mərhələdə reklamları təhlil edəcək. Qeyri-adi hal aşkar edilərsə, reklam məzmununda olan üz ilə həmin şəxsin profil şəkli arasında müqayisə aparılacaq. Bu yolla süni intellektlə yaradılmış saxta görüntülər aşkarlanaraq istifadəçilərə çatmasının qarşısı alınacaq.
"Meta"dan sözügedən xüsusiyyətin saxta reklamlar üçün eksklüziv olmayacağını söyləyiblər. Açıqlamaya görə, hesab məlumatlarını hansısa yolla itirən istifadəçilər hesablarını bərpa etmək üçün üz skan sistemindən istifadə edə biləcəklər. Ancaq deyək ki, bu funksiya isttəyə bağlı olacaq.
"Meta"ya görə, üz skan sistemi üçün istifadə ediləcək məlumatlar skan prosesinin ardından serverlərdən silinəcək.
Qadir, Bizimyol.info






