Alimlər həm qapalı məkanlardakı havanı təmizləyə, həm də smartfonları doldurmaq üçün kifayət qədər enerji istehsal edə bilən süni bitki hazırlayıblar.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Nyu Yorkdakı Binghamton Universitetindən bir araşdırma qrupu, 5 bioloji günəş hüceyrəsindən və bu hüceyrələrdə istifadə edilən fotosintetik bakteriyalardan ibarət süni yarpaq dizayn etdikdən sonra bu ixtiranın praktik tətbiqlərə çevrilə biləcəyini anlayıblar.
Tədqiqatın sübutu olan süni bitki prototipi 5 yarpaqlı sistemdən ibarətdir və karbon qazını təbii bitkilərdən çox daha effektiv şəkildə azalda bilər. Oksigen və elektrik enerjisi də istehsal edən bu bitki nəinki davamlı enerji təmin edir, həm də daxili havanın keyfiyyətini yaxşılaşdırır.
“Cyanobacterial Artificial Plants for Enhanced Indoor Carbon Capture and Utilisation” (Qapalı Məkanlarda Təkmilləşdirilmiş Karbon Tutma və İstifadəsi üçün Sianobacterial Süni Bitkilər) adlı araşdırmada tədqiqatçılar cari havalandırma və filtrasiya üsullarının artan karbon dioksid səviyyələri qarşısında effektivliyini itirdiyini bildirdilər.
Süni bitkilər isə fotosintez həyata keçirərək qapalı məkandakı karbon qazının səviyyəsini 5000 ppm-dən 500 ppm-ə qədər 90 faiz azalda bilər. Bu, təbii bitkilərin verdiyi 10 faiz azalmadan xeyli çoxdur.
Bu süni bitkilər təbii bitkilər kimi işləyir; Su və qida maddələrinə ehtiyacı var. Gələcəkdə tədqiqatçılar müxtəlif növ bakteriyalardan istifadə etməklə bitkiyə qulluq ehtiyacını azaltmağı və istifadə sahələrini genişləndirməyi planlaşdırırlar.
Binghamton Universitetinin Elektrik və Kompüter Mühəndisliyi Departamentindən Professor Seokhun Çoi: “Mən bu elektrik enerjisindən mobil telefonları və ya digər praktik tətbiqləri doldurmaq üçün istifadə etmək istəyirəm. Bu süni bitkilər hər hansı bir evin bir hissəsinə çevrilə bilər. Bu ideyanın faydalarını görmək olduqca asandır”, - deyə bildirib.
Araşdırmaya görə, süni yarpaqlar ardıcıllıqla birləşdirildikdə, sistem 2,7 volt açıq dövrə gərginliyi (OCV) və maksimum 140 mikrovat gücü istehsal edə bilir. Bu, portativ elektron cihazları işə salmaq üçün kifayət qədər enerji təmin edir.
Alimlər bu innovativ texnologiyanın havanın keyfiyyətini yaxşılaşdırmaq və davamlı enerji təmin etmək üçün potensialını vurğulayırlar.
Tədqiqat bu yaxınlarda “Advanced Sustainable Systems” elmi jurnalında dərc olunub.
Qadir, Bizimyol.info






