Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Havayı pendir tələdə olur... Ölkədə daha bir piramida insanlara milyonlarla zərər vurub
Havayı pendir tələdə olur... Ölkədə daha bir piramida insanlara milyonlarla zərər vurub

Maliyyə piramidaları bütün hallarda dələduzluq predmeti olur, amma yenə də müştəridən əziyyət çəkmirlər. İndiyə qədər yüzlərlə belə hadisənin şahidi olmuşuq. Həmişə də axırda insanların pulu gedir. Buna baxmayaraq, maliyyə piramidalarına maraq azalmır. Dələduzlar yeni versiyalarla səhnəyə çıxaraq böyük pulların arxasına keçə bilirlər.

Bizimyol.info xəbər verir ki, ölkədə daha bir piramida insanlara milyonlarla zərər vurub. “Tost” şəbəkəsi sıradan çıxıb. Maliyyə piramidasının nağdlaşma hesablarındakı məbləğlər yoxa çıxmağa başlayıb. Sistemə qoşulanlar pulların necə “əridiyini” aşkar görüblər. Həmin məbləğləri nağdlaşdırma cəhdləri də alınmayıb. Üstəlik, təşkilatçılar hesabdan pul çıxarmaq üçün əlavə vəsait keçirilməli lazım olduğunu qeyd ediblər. Yəni son məqamda da müştərilərdən pul qoparmağa çalışıblar.

Ümumilikdə hesablarda 3,6 milyon dollar olduğu bildirilir. İndi yalnız bəzi hesablarda bir neçə min dollar görmək mümkündür.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi piramida ilə bağlı araşdırmaya başlayıb. Minlərlə şəxsin “Tost”un tələsinə düşdüyü məlumdur.

Sosial platformalardan maliyyə piramidasında sistemə qoşulanların rəylərini topladıq. Əli Bağırov yazır ki, 4 gündür pulunu ala bilmir. Günel Məmmədzadə cəmi 3 gün gözləyib, sonradan “qazanc”ı ilə birlikdə mayanı götürüb. Bəhmən Rzayev cəld tərpənə bilməyib. O, 20 gündür sistemə qoşulubmuş. Vəsait çıxarmaq istəyəndə isə piramidanın çökməsi xəbərini alıb. Vüsal Əhmədov yazır ki, bundan əvvəl “Ocos” adlı piramidaya qoşulub. Ümumilikdə 2200 dollar itirib. Bundan sonra şəbəkələrə baş qoşmamaq qərarına gəlib. “Tost”u dostundan eşidib, amma daha bu dəfə inanmayıb. Beləcə, itkidən yan ötə bilib.

Çox təəssüf ki, maliyyə piramidası ideyasını dəstəkləyən rəylər də az deyil. Bu qədər insan faciəsi yaşanır, amma adamlara yenə dərs olmur. Anlamaq lazımdır ki, piramidaların iqtisadi əsası yoxdur. Məqsəd, şirnikləndirməklə daha çox insanın pulunu əlindən almaqdır. Sistemə kənardan pul daxil olmur, məhz qoşulanların vəsaiti hesabına kütlənin başını aldadırlar. Maliyyə piramidalarından birmənalı şəkildə uzaq dayanmaq lazımdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »