Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasi tutuquşular, bezdirici tavtologiya, "qrant ovu"...
Siyasi tutuquşular, bezdirici tavtologiya, "qrant ovu"...

"Biz əhalinin rəyini bilirik. Əhali Azərbaycanın tərkibinə inteqrasiya olunmaq istəmədi, ona görə də Vətənini tərk etdi".

Ermənistanın news.am saytı xəbər verir ki, bu sözləri ləğv edilmiş separatçı rejimin sonuncu "başçısı" Samvel Şahramanyan İrəvanda jurnalistlərə deyib. Söhbət Qarabağdan kütləvi və könüllü şəkildə Ermənistana köçmüş erməniəsilli əhalidən gedir.

Ermənistan siyasətçiləri, eləcə də, separatçıların özləri tez-tez həmin əhalinin guya "məcburi köçkün" düşməsi, Qarabağda "etnik təmizləmə" haqda əsassız, spekulyativ bəyanatlar verirlər. Bu, bezdirici tavtologiya Ermənistan mediasının da sevdiyi məşğuliyyətdir. Hətta xaricdə də bu tavtologiyanı təkrarlayacaq "siyasi tutuquşular" tapırlar. Onlardan biri özünü hüquq doktoru adlandıran Luis Moreno Okampodur. Bir qrup etməniəsilli "qrant ovçusu" ilə görüşən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Okampo deyir ki, BMT-nin soyqırıma dair Konvensiyası guya məlum könüllü köçkünlərə hüquq verir. O, BMT-nin bir məmurunun guya Qarabağda "soyqırım riski" olduğunu deyib. Ancaq biz axtardıq, Okamponun istinad etdiyi həmin BMT rəsmisinin belə bir açıqlamasına heç bir mənbədə rast gəlmədik. Göründüyü kimi, revanşist ovqatlı erməni siyasətçiləri, yaxud ictimai fəalları öz saxta saxta iddialarına dəstəkçiləri də, ekspertləri də saxtakarlar arasında axtarırlar. Okampo nümunəsindən də göründüyü kimi, dünyanın harasında olursa-olsun, elələrini tapırlar da. Tapıb dedirdirlər ki, guya Qarabağda "soyqırım riski", "etnik təmizləmə" olub.

Bu qəbildən başqa sayıqlamalar da var.

Ancaq... Samvel Şahramanyanın açıqlaması bütün bu "etnik təmizləmə", "soyqırım" və sair haqda spekulyativ fikirlərin üstündən qalın bir xətt çəkir. Separatçı xuntanın sonuncu "başçısı" deyir ki, Qarabağın erməni əhalisi "Azərbaycanın tərkibinə inteqrasiya olunmaq istəmədi, ona görə də köçüb getdi".

Separatçı da olsa, düşmən də olsa, düzünü deyib: Azərbaycanın suverenliyi çərçivəsində, Azərbaycanın qanunları ilə yaşamaq istəməyənlər könüllü köçüb gediblər. Şahramanyan burda Azərbaycan deyəni deyib. Bilmədən, istəmədən həqiqəti dilə gətirib.

Ancaq "özünü ləğv etmiş" bu şəxsin verdiyi açıqlamanın qalan hissələri ucdantutma sayıqlama janrındadır. Hansısa beynəlxalq qarantiyalarla, hansısa xüsusi statusla geri qayıtmaqdan, Vətəndən-filan danışır. Əgər söhbət Vətəndən gedirsə, Vətənin özündən yüksək status var?! Vətənə xəyanət elə, baş qaldır, qan tök, sonra da hansısa xüsusi statusdan danış... Buna nə deyəsən?! O qarantiyaları, statusları qıraqda, orda-burda axtarmaq lazım deyil, Azərbaycanın Konstitusiyasında, qanunlarında hamısı var. Bu adamlar könüllü köçüb gedib, İrəvanda oturublar (bunu Şahramanyan da etiraf edir), sonra da "geri qayıtmaq üçün uyğun mexanizm" axtarırlar.

Uyğun mexanizm - onlayn portal. Azərbaycan Qarabağdan köçənlər üçün açıb bu portalı. Daha niyə özlərini dağa-daşa salıb, hardasa hansısa mexanizm axtarırlar?! Azərbaycan vətəndaşlığını qəbul et, qayıt yaşa. Kimin nə sözü var?! Bu saat dünyanın müxtəlif ölkələrində olan nə qədər insan, miqrant Azərbaycan vətəndaşlığı üçün müraciət edib (rəsmi statistika var), bir qismini - uyğun bildiklərini Azərbaycan dövləti vətəndaşlığına qəbul edir, uyğun bilmədikləri də az deyil, çoxdur. Ancaq Qarabağdan köçmüş erməniəsillilərə dövlət özü təklif edib, portal açıb, imkan yaradıb ki, necə könüllü gediblər, eləcə də, könüllü qayıtsınlar. Qayıtmaq istəməyənlər isə: "Könlümün məhbubu mənim, Vətənimdir, Vətənimdir, Vətənim" misrasını boğazdan yuxarı deklamasiya etməsin. Məqsəd beynəlxalq donorları acındırıb beş-üç avro, dollar, funt... daha artıq pul qoparmaqdırsa (ki, elədir), o başqa məsələ.

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »