Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məmur özbaşınalığının əsas səbəbi cəzasızlıq mühitidir: "cəzalanan" dövlət qulluqçuları
Məmur özbaşınalığının əsas səbəbi cəzasızlıq mühitidir: "cəzalanan" dövlət qulluqçuları

Xüsusilə sosial müstəvidə vətəndaş şikayətləri gedib hər hansı məmura çıxır. Ayrı-ayrı dövlət qulluqçuları vətəndaşı incidir, hətta kiçik məsələlərdə də problem yaradır. Bürokratik əngəllərdən heç danışmağa dəyməz. Vətəndaş qanunla müəyyənləşdirilmiş hər hansı proseduru həyata keçirmək, müəyyən sənəd almaq üçün böyük əziyyət çəkməli olur. İstisna hallarda müraciət edən tərəfin razı qaldığı situasiya yaranır.

Bizimyol.info xəbər verir ki, 2023-cü ildə 341 dövlət qulluqçusu məmurun etik davranış qaydaları haqda qanunu pozduğuna görə cəzalandırılıb. Bu, dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2023-cü il üzrə hesabatdan görünür.

Göstəricinin olduqca aşağı olmasını əvvəldən qeyd etməliyik. Şikayətlər bu qədər çox olduğu halda, günə heç bir məmur cəzalandırılması düşmür.

İnzibati tənbeh tədbirinin hədəfi olan şəxslərdən 162-si mərkəzi, 179-u isə yerli icra hakimiyyəti orqanlarını təmsil edirmiş. İndi gəlirik əsas məsələyə: 341 nəfərdən 297-nə, sadəcə, töhmət verilib. Bu da oldu cəza. Cəmi 14 nəfər dövlət qulluğundan azad edilib.

Cəzalananların 10-nun maaşı azaldılıb, 6-nın isə vəzifəsi aşağı salınıb. Daha 14 nəfərin hansı cəza alması ümumi hesabatda heç əksini tapmayıb.

Deməyə söz də qalmayıb. Belə çıxır ki, vətəndaşların bu qədər şikayəti qulaqardına vurulur. Cəza tədbirləri çox yumşaq olub.

İnsanların həyatını dəyişəcək qərar vermiş məmur töhmətlə canını qurtarır. Bu qədər töhmət isə prosesin yola verilməsindən xəbər verir. Adını qoyublar ki, məmur cəzalanıb.

Dəfələrlə bu epizodla qarşılaşmışıq: bir yerdə vətəndaşların böyük narazılığına görə işdən azad olunan dövlət qulluqçusu başqa mövqeyə təyin olunub.

Cəmi 14 nəfərin işdən azad edilməsi də rüsvayçılıqdır. Halbuki say minlərlə olmalıydı. Hələ bilmirik ki, işdən azad olunanlar kimlərdir, hansı mövqedə olublar.

Məmur özbaşınalığın əsas səbəbi cəzasızlıq mühitidir. Vətəndaş özlüyündə əmindir ki, məmura heç nə olmayacaq, harasa şikayət etməyin də mənası yoxdur. Bu tendensiya bütün işləri korlayır. Cəmiyyətin ədalət anlayışı sarsılır. Hər şeydən əvvəl bu reallıq dəyişməlidir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »