Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxt əhalisinin sayına daha bir eyham: Ölkədə ərzaq məhsullarının 60 faizi Bakıda istehlak olunur
Paytaxt əhalisinin sayına daha bir eyham: Ölkədə ərzaq məhsullarının 60 faizi Bakıda istehlak olunur

Rəsmi rəqəmlər deyir ki, paytaxt əhalisinin sayı 3 milyon nəfərə çatmır. Halbuki bir çox kriteriyalar ölkə əhalisinin azı yarısının Bakıda toplaşmasına işarə vurur. Şagirdlərin, elektrik sayğaclarının sayı həmişə bundan danışıb. Üstəlik, ölkədə ərzaq məhsullarının istehlakında paytaxtın payı əhali ilə bağlı tabloya tam aydınlıq gətirir.

Bizimyol.info xəbər verir ki, ilin 7 ayı ərzində Bakı sakinləri ərzaq, içki və tütün məmulatlarına 10,4 milyard xərcləyib. Qeyri-ərzaq məhsullarına bundan təxminən 20 faiz az vəsait gedib (8,3 milyard manat). Rəqəmlər belə deməyə əsas verir ki, paytaxt əhalisi orta hesabla ay ərzində ərzaq, içki və tütün məmulatlarına 1,5 milyard manat sərf edir. Ölkə əhalisində isə bu göstərici orta hesabla 2,5 milyard manat olur. İş orasındadır ki, qeyri-ərzaq məhsullarında da uyğunluq qorunur. Bakı sakinləri bu istiqamətə ayda orta hesabla 1,2 milyard manat xərcləyir. Ölkə əhalisində isə göstərici 2,3 milyard manata yaxınlaşır. Yəni Azərbaycanda ərzaq məhsullarının 60 faizinin paytaxtda istehlak olunması göz qabağındadır. Qeyri-ərzaq məhsullarında da göstərici buna yaxın olur.

Paytaxtda gəlirin bölgələrdən daha yüksək olması özünü göstərir. Xüsusilə qeyri-ərzaq istiqamətində. Yeni avtomobillərinin alınmasının çox böyük hissəsi Bakıda həyata keçirilir. İaşə obyektlərinin sayının çoxluğuna görə də məişət əşyalarının istehlakında paytaxt ciddi pay sahibi olur.

Bakının belə yüklənməsi sanki iqtisadi modelə çevrilib. Bir-birinin ağzının içinə girmiş yöndəmsiz göydələnləri layiq olmadığı qiymətə satmaq, insanları bölgələrdəki yerlərindən didərgin salıb həmin torpaqları rahatca ələ keçirmək. Çox məqsəd hiss olunur. Əhalinin yarıdan çoxunun paytaxtda toplaşması normal ölkələr üçün xarakterik deyil. Uzağı cırtdan və ya ada dövlətlərdə belə tendensiyaya rast gəlmək olur. Əhalinin nəzərəçarpan hissəsi gündəlik qayğıların öhdəsindən gələ bilmir və çıxış yolunu paytaxtda yaşamaqda görür. Bu tendensiya yaxşı deyil, xoş gələcək də vəd etmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »