Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İpoteka portfelinin böyüməsi: Nağd pul böhranı və qiymətlərin sürətlə artması davam edir
İpoteka portfelinin böyüməsi: Nağd pul böhranı və qiymətlərin sürətlə artması davam edir

Bankların ipoteka portfeli 4 milyard manatı keçib. Ümumi kredit portfeli 25,7 manata yaxınlaşıb. Amma bunun yalnız 16 faizə qədəri ipoteka istiqamətinin üzərinə düşür.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Bankın məlumatı ipoteka kreditlərinin həcminin 15 faizdən çox artdığını göstərir. Yəni bu yolla mənzil almaq istəyənlər çoxalıb. Mərkəzi Bankı təmsil edənlərin şərhlərində baş verənlər müsbət hadisə kimi qeyd olunur. Lakin bunun doğurduğu səbəblər barədə danışılmır.

İpoteka portfelinin böyüməsi ilk baxışdan müsbət tendensiya kimi görünə bilər. Hər necə olsa da, mənzil sahibi olanların sayının artması mümkündür. Təəssüf ki, məlumat müfəssəl deyil. Yəni yalnız manat həcmi barədə danışılır. İş orasındadır ki, ipoteka portfelinin böyüməsi həm də qiymətlərin çox yüksəlməsi səbəbindən ola bilir.

Azərbaycanda məhz qiymət amili önə çıxır. Çünki mənzil bazarında inanılmaz dəyişiklik baş verir. Şəhər kənarında belə, sovet dövrünün ikiotaqlı mənzillərini 120-130 min manatdan ucuz almaq olmur. Halbuki beş il əvvəl eyni mənzillər azı 25-30 min manat ucuz idi.

İpoteka portfelinin böyüməsi qiymətlərin sürətlə artması ilə birbaşa bağlıdır. Şəhərin gözəgəlimli yerində mənzil 200 min manatdan ucuz başa gəlmir. Bir mənzil üçün ən azı belə məbləğ tələb olunursa, ipoteka bazarının dayanmadan böyüməsi təbiidir.

Nağd pul böhranı da ipoteka portfelinin böyüməsinə xidmət edir. Hətta bunu daha böyük problem kimi fərqləndirmək lazımdır. İpoteka portfelinin böyüməsi ilə o vaxt fəxr etmək olar ki, cəmiyyət nağd pul qıtlığı yaşamır, sadəcə, insanlara aşağı faizlə mənzil sahibi olmaq imkanı yaradılır. Avropa dövlətlərində ipoteka faizi 1-2 civarında ola bilir. Bizim ölkədə belə deyil. Əksər ipoteka imkanı 8-10 faiz öhdəlik yaradır. İnsanlar 20-25 il bankın girovuna çevrilməyə razıdır ki, evsizlikdən canını qurtarsın. Onsuz da başqa imkanlar yoxdur. Gəlirlərlə mənzil qiymətləri arasında xeyli böyük uçurum var. Minimum əməkhaqqının 345 manat olduğu ölkənin paytaxtında birotaqlı mənzil 100 min manata satılır. Vətəndaş yüksəkfaizli ipotekadan başqa hər hansı variant haqqında düşünə bilmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »