Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın ən böyük borcunun bir hissəsi dəmir yoluna görə "götürülüb": ADY işi bitirə bilmir
Azərbaycanın ən böyük borcunun bir hissəsi dəmir yoluna görə "götürülüb": ADY işi bitirə bilmir

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”ində maraqlı məqamlar yer alıb. Məlum olur ki, ümumi dövlət borcunun 35 faizindən çoxu Asiya İnkişaf bankından alınmış vəsaitlərdir. Həmişə haqqında çox danışılan Dünya Bankı siyahıda üçüncüdür. Asiya İnkişaf Bankı isə kreditin böyük hissəsini Azərbaycan Dəmir Yollarına ayırıb.

Bizimyol.info xəbər verir ki, təkcə Sumqayıt-Yalama dəmir yolu xəttinin inşası və strukturunun bərpası üçün 400 milyon dollar alınıb. Yetərincə böyük məbləğdən söhbət gedir.

Ümumi dövlət borcu 5,3 milyard dollardan bir qədər çoxdur. Yəni ümumi borcun 8 faizindən çoxu Azərbaycan Dəmir Yollarının təkcə bir xəttin inşasını və strukturunun bərpasını həyata keçirməsi üçün yaranıb.

Bu barədə keçən dəfə yazmışdıq. Prosesi həyata keçirən “Kolin” şirkəti işi 2026-cı ilin ortalarından tez təhvil verməyə hazır deyil. Halbuki kredit götürüləndə başqa şeylər danışılırdı.

Asiya İnkişaf Bankının Direktorlar Şurası krediti 2017-ci ilin dekabrında təsdiqləmişdi. Sumqayıt-Yalama dəmir yolu xəttinin Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq şəbəkəsi çərçivəsində Şimal-Cənub DəmirYolu Dəhlizi üzrə əsas əlaqə xətti sayıldığı bildirilmişdi. Onda Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Kendis Makdeyqan demişdi ki, bu layihəyə 250 milyon dollar strateji kredit və 150 milyon dollar layihə krediti daxildir. Sumqayıt-Yalama yolunun yenidən qurulması ilə bağlı böyük ümidlə açıqlamalar verilmişdi. Söz verilmişdi ki, işlər 2024-cü ilin sonundək başa çatacaq.

Bu gün vəziyyətin nə yerdə olduğunu bilirsiniz. İşlərin 2026-cı ilin sonunadək başa çatması ehtimalı belə, çox inandırıcı görünmür.

Bizimyol.info Azərbaycan Dəmir Yollarına 400 milyon dolların necə xərclənməsi ilə bağlı sorğu göndərib. Lakin sorğuya cavab verilməyib.

Azərbaycan Dəmir Yolları dövlətin çiyninə nə boyda yük qoyur. İş isə vaxtında bitirilib təhvil olunmur. İndiyə dəmir yolu xətti ölkəyə qazanc gətirməliydi. Gələcək nəsillər bu borcları ödəməli olacaq. Amma bu gün insanların rahatlığı təmin olunmur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »