Azərbaycanda həyat keyfiyyətinin yüksək olmaması adi müşahidə ilə də müəyyənləşdirilə bilər. Amma beynəlxalq araşdırmalar vəziyyəti daha aydın göstərir. Məsələn, “Numbeo” hesabat hazırlayanda bir çox kriteriyanı nəzərə alır. Təhlükəsizlik, iqlim həmişə Azərbaycanın xeyirinə işləyir. Amma qiymətlərin maaşlarla müqayisədə çox yüksək olması, səhiyyənin keyfiyyətinin, sosial imkanların aşağı göstəricisi reytinqdə vacib rol oynayır.
Bizimyol.info xəbər verir ki, “Numbeo”nun növbəti araşdırması Azərbaycanı həyat keyfiyyətinin yüksək olduğu qrupdan uzaq salıb. Bizim ölkə ilk 50-likdə də yoxdur. Azərbaycan siyahıda 64-cü yeri tutur.
Sıralamada Estoniyaya həsəd aparmaq olar. Postsovet ölkəsi iri addımlarla irəliləyir. Estoniya siyahıda 173,8 reytinq balı ilə 12-ci yerdədir. Başqa Baltikyanı ölkələrdən Litva 23-cü, Latviya 30-cu pillədə görünür. Türkiyə (54-cü), Gürcüstan (55-ci), Ukrayna (60-cı) və Belarus (63-cü) da bizdən irəlidədir.
Qazaxıstanın 76-cı yerdə olması təəccüblüdür. Həmişə belə təəssürat yaranıb ki, Orta Asiya ölkəsində vəziyyət yaxşıdır. Görünür, araşdırma başqa gerçəkliyi ortaya qoyub. Qazaxıstanda durum düşünüldüyü qədər yaxşı deyilmiş.
Siyahıya 195,1 reytinq balı ilə İsveçrə başçılıq edir. Sonrakı iki yerdə Danimarka və Niderland qərarlaşıb. İlk 10-luqda yalnız iki qeyri-Avropa dövləti – Avstraliya və Yeni Zelandiya gözə dəyir. Finlandiya, İslandiya, Norveç, Almaniya və Avstriya da liderlər qrupundadır.
Biz ölkədə sosial-iqtisadi vəziyyətin yaxşı olması, əhalinin qənaətbəxş səviyyədə dolanması barədə gurultu fikirlər deyə bilərik. Lakin bunların həqiqəti əks etdirmədiyini də hər dəfə belə araşdırmalar göstərir. Azərbaycanda həyat keyfiyyəti aşağıdır. Sosial proqramlar kasaddır. Uşaqpulu verilmir, sosial yardım almaq imkanları məhduddur. Pensiyaçıların sayı sürətlə azalır. Minimum əməkhaqqı 200 dolları güclə keçir. Bu şərtlərlə siyahıda 64-cü olmağımıza da sevinməliyik. Görünür, Azərbaycanın təhlükəsiz ölkə sayılması, iqlimin ilin az qala bütün fəsillərində səyahət imkanı yaratması nəzərə alınıb.
Aytən, Bizimyol.info






