Mərkəzi Bank Azərbaycanda ən çox şikayət olunan sığorta şirkətlərinin adlarını açıqlayıb. İlk üçlükdə “Bakı Sığorta”, “Xalq Sığorta” və “Paşa Sığorta” yer alıb. Bu sığorta şirkətləri əvvəllər də şikayət baxımından liderlər qrupunda yer alırdı. Məsələn, “Xalq Sığorta”dan narazılıq həmişə diqqət çəkib.
Bizimyol.info xəbər verir ki, “Bakı Sığorta” da çox vaxt şikayət olunanların sırasında görünüb. Məsələn, yanvarda açıqlanan hesabatda bu şirkət məhz üçlüyü qapadırdı. Onda “Xalq Sığorta” ən önə çıxmışdı. Rəsmi açıqlamada deyilirdi ki, bu şirkətlər məsələlərin həllinə ciddi yanaşmırlar.
Ümumiyyətlə, avtomobillərin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı xeyli problem yaranıb. Sürücülər böyük çətinliklərlə üzləşdiklərini deyirlər. Qanunvericilikdəki dəyişiklik də tam işə yaramayıb. Yəni “müstəqil ekspertlərin reyestri” adlanan sistemin səhnəyə çıxması müəyyən effekt versə də, bu istiqamətdə problemləri azaltmayıb.
İş orasındadır ki, “Xalq Sığorta” və “Bakı Sığorta”nın sığorta ödənişləri də azalıb. “Xalq Sığorta”da azalma 6 milyon manatdan çox olub. İnanılmaz dəyişiklikdir. 2023-cü ilin ilk yarısında bu şirkətdə sığorta ödənişlərinin payı 12 milyon manata yaxınlaşırmış. Bu ilin 6 ayı ərzində cəmi 5,6 milyon manatdan danışmaq mümkündür.
“Bakı Sığorta”da azalma 295 min manatdır. Amma faiz nisbətində ciddi dəyişiklikdən söhbət gedir. Sığorta ödənişlərinin 25 faizinə qədəri itirilib.
“AzSığorta”da da ödəniş azalması nəzərəçarpandır. Amma bu şirkətdən şikayət çox deyil.
Bəs sığorta şirkətlərindən ən çox nəyə görə narazı qalırlar?
İcbari sığorta ilə bağlı zərərin qiymətləndirilməsi illərdir problemli istiqamət kimi qalır. Sosial platformalarda yazılanlardan məhz bu anlaşılır. Sürücülər kasko sığorta zamanı da aldadıldıqlarını düşünürlər. Məsələn, “Bakı Sığorta”nın sosial media səhifələrinin rəy bölümündə belə şikayətlər çoxdur.
Məkəzi Bankın üzərinə də az məsuliyyət düşmür. Şikayətlərlə bağlı görülən tədbirlər açıqlanmır. Məsələlərin həll yolları müzakirə olunmur. Nəticədə şirkətlərlə müştərilər arasında dərin uçurum yerində qalır.
Aytən, Bizimyol.info






