Rusiya Silahlı Qüvvələri 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan ordudan xeyli fərqlənir.
Bizimyol.info xəbər verir ki, "Forbes"in yazdığına görə, dörd ildən artıq davam edən müharibə ərzində Rusiya döyüş meydanında əldə etdiyi təcrübəni sistemli şəkildə mənimsəyən və dəyişən şəraitə sürətlə uyğunlaşan hərbi model formalaşdırıb.
Nəşrin fikrincə, Ukrayna bir neçə dəfə cəbhədə vəziyyəti dəyişməyə nail olsa da, Rusiya ordusu bu təcrübələrdən nəticə çıxararaq yeni taktika və texnologiyaları daha sürətlə tətbiq etməyə başlayıb. Avstraliyalı istefada olan general-mayor Mik Rayanın sözlərinə görə, müharibə uzandıqca rus ordusunun öyrənmə və adaptasiya qabiliyyəti də artır.
Forbes bu dəyişimin ən bariz nümunələrindən biri kimi 2024-cü ilin avqustunda yaradılmış "Rubikon" Qabaqcıl Pilotsuz Texnologiyalar Mərkəzini göstərir. Bildirilir ki, mərkəzin əsas məqsədi pilotsuz uçuş aparatları sahəsində əldə olunan yenilikləri bütün qoşun növləri arasında operativ şəkildə yaymaqdır.
Məqalədə qeyd olunur ki, "Rubikon" əsas diqqəti Ukraynanın pilotsuz uçuş aparatları heyətlərinin, radioelektron mübarizə sistemlərinin və cəbhənin arxa hissəsində yerləşən logistika marşrutlarının məhv edilməsinə yönəldib. Bu yanaşmanın əvvəlcə Kursk istiqamətində, daha sonra isə Ukraynanın şərqində tətbiq edildiyi bildirilir.
Nəşr yazır ki, yeni yaradılan bölmələr və dron texnologiyalarının geniş tətbiqi Rusiyaya Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi əməliyyatlara daha effektiv cavab verməyə imkan yaradıb.
Ukrayna hərbçiləri də vəziyyətin çətinləşdiyini etiraf edirlər. 92-ci briqadanın minaatan batareyasının komandiri Anatoli Tkaçenkonun sözlərinə görə, Rusiya dronlarının fəaliyyət radiusunun artması cəbhədə logistikanı xeyli mürəkkəbləşdirib və şəxsi heyətin hərəkət imkanlarını məhdudlaşdırıb.
Forbes hesab edir ki, müasir müharibədə üstünlüyü yalnız yeni texnologiyalara sahib olan tərəf deyil, həmin yenilikləri bütün hərbi sistemə daha sürətlə tətbiq edə bilən tərəf qazanacaq.
Qeyd: Məqalədə səsləndirilən fikirlər Forbes nəşrinin təhlilinə və müxtəlif hərbi ekspertlərin qiymətləndirmələrinə əsaslanır. Bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.
Bizimyol.info






