Söz yox ki, inflyasiya ilə bağlı rəsmi rəqəmlərə inanmırıq. Müstəqil araşdırmaçılar son 3-4 ilin qiymət göstəricilərini çıxarır. Burada mənzərə daha aydın görünür. Qiymətlər azı iki dəfə artıb. Deməli, inflyasiya da hər il ikirəqəmli ifadə olunub. Rəsmi məlumatlarda buna yaxın gəlməməyə çalışırlar. İş orasındadır ki, qiymətlər yüksəlir, inflyasiya artır, amma ünvanlı sosial yardımın məbləği yerində qalır.
Bizimyol.info xəbər verir ki, son məlumata görə, ölkədə 270 min civarında şəxsə ünvanlı sosial yardım paketi təqdim olunur. Heç şübhəsiz, rəqəmin yüksək olmadığını iddia etmək mümkündür. Çünki ölkədə işsizlərin, imkansız ailələrin sayı dəfələrlə çoxdur. Sadəcə, ünvanlı sosial yardımla bağlı “soyqırımı” həyata keçirilib. Nə qədər ailə belə köməkdən məhrum edilib. Özü də gülməli bəhanələrlə. Məsələn, işsizlərə sosial yardım verilmir. Məntiqlə məhz işsiz, imkansız şəxslərə belə fürsət yaradılmalıdır. Bizim ölkədə isə məntiq işləmir. Adında pay torpaq sahəsinin olması da sosial yardım verilməsinə əngəl sayılır. Halbuki kəndlilərin əksəri həmin torpaqdan ailə dolandırmaq üçün istifadə edə bilmir.
Sosial yardımın məbləği necə müəyyənləşdirilir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında yazılıb ki, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Əlbəttə, bu cür heç nə anlaşılmır. Yəni konkret meyar yoxdur. Adətən, bir ailəyə ayrılan ünvanlı sosial yardımın məbləği 400 manata çatmır. Rəsmi statistika isə guya son 5 ildə məbləğin 2,8 dəfə artdığını, 487 manata çatdığını iddia edir.
Çox şey iddia oluna bilər. Fakt faktlığında qalır. Ünvanlı sosial yardımın məbləği çox artmayıb. Qiymətlərin bu qədər yüksəlməsinə, inflyasiyanın göylərə qalxmasına baxmayaraq. Bəs niyə ünvanlı sosial yardım yerində qalır?
Gələn il yanvarın 25-də yaşayış minimumu dəyişdiriləcək. Guya onda ünvanlı sosial yardım məsələsinə də baxılacaq. Təsəvvür edin, hələ ona qədər yarım il var. Yanacağın qiyməti yenicə artırılıb. Bundan sonra qiymətlər daha sürətlə artacaq. Amma ünvanlı sosial yardımın ümidinə qalan vətəndaş dözməlidir. Halbuki bu məsələdə mütənasiblik mütləq gözlənilməlidir.
Aytən, Bizimyol.info






