Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında, 73 kq çəki dərəcəsində, finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
Bizimyol.info xəbər verir ki, ölkəmizdəki xarici ölkələrin səfirləri də idmançımızı təbrik ediblər.
Türkiyənin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edib.
Bu barədə qardaş ölkə səfirliyinin "X" hesabında: "Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo kateqoriyasında qızıl medal qazanan və Azərbaycan bayrağını Fransada dalğalandıran Hidayət Heydərovu ürəkdən təbrik edirik", - deyə paylaşım edilib.
Qeyd edək ki, Türkiyə mətbuatı da “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında cüdoçumuz Hidayət Heydərovun Azərbaycana ilk qızıl medalı qazandırması ilə bağlı xəbəri geniş işıqlandırıb.
“HaberTürk”, “Haber Global” və “NTV Spor” kimi tanınmış televiziya telekanalları izləyicilərinə Hidayət Heydərovun qələbəsi ilə bağlı ətraflı məlumat verib. Türkiyəli idamansevərlərə 73 kq çəki dərəcəsində yarışan cüdoçumuzun finalda fransalı Con Benjamin Qabanı məğlub etdiyini xüsusi olaraq çatdırılıb.
ABŞ səfirliyi də "X" sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycan idmançısını Olimpiya çempionu olması münasibətilə təbrik edib.
"Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlığınız və zəhmətiniz həqiqətən öz bəhrəsini verdi. Bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Təbriklər Azərbaycan Komandası - qarşıda daha böyük uğurlar və qızıl medallar ümidi ilə!", - deyə təbrik mətnində qeydedilib .
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Parisdə Hidayət Heydərovu qələbə münasibətilə təbrik edib.
Səfir "X" sosial şəbəkəsindəki hesabında: “Tanınmış idmançı və ən yaxşı nəticələr əldə edən: bir ildə Avropa, Dünya və Olimpiya çempionu. Hörmətlə!”, - deyə paylaşımda qeyd edib.
Eyni zamanda Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Olimpiya çempionu təbrik edib: "Qızıl medal siyahısına xoş gəldiniz, Azərbaycan! Keçmiş həvəskar cüdoçu kimi mən bir fəndin qalibiyyətə apardığını bilirəm. Təbriklər!", - deyə səfir “X” hesabında qeyd edib.
Xatırladaq ki, azərbaycanlı cüdoçu Hidayət Heydərov ötən gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda fransalı rəqibi Con Benjamin Qabaya qalib gələrək olimpiadanın qızıl medalını qazanıb.
Qadir, Bizimyol.info
#Paris2024 #Azerbaijan ??? pic.twitter.com/BBgrEZY76B
— Türkiye in Azerbaijan (@TC_BakuBE) July 30, 2024






