Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizi təhdid edən "su fəlakəti"... Normadan az su içib, çox su itirmək - belə bir paradoks ölkəsiyik
Bizi təhdid edən "su fəlakəti"... Normadan az su içib, çox su itirmək - belə bir paradoks ölkəsiyik

Biz ən az su içən xalqlardanıq. Ciddi deyirəm. Hesablamalar var; gündəlik normadan az su içirik. Bəlkə də bir çox xəstəliklərimiz də burdan qaynaqlanır.

Suyu az içirik, amma ən çox su itkisinə yol verən də bizik. Azərbaycanın öz rəsmi statistikasına görə, su itkisinin həcminə görə Müstəqil Dövlətlər Birliyində birinci yerdədir. Yəqin ki bütün postsovet məkanında bu kədərli birincilik bizə məxsusdur. Az su içib, çox su itirmək - belə bir paradoks ölkəsiyik. Söhbət təkcə şirin su itkisindən getmir, texniki su itkisindən də gedir. Köhnə kanallar, artıq ömrünü başa vurmaqda olan suvarma sistemləri, sıradan çıxmış su boruları və sair və ilaxır. Ən çox itki də kənd təsərrüfatında baş verir; suyun 50 faizini boş yerə axıdırıq, itib gedir. İstifadə edə bilmirik. Hələ də anlamamışıq ki, şirin su artıq neftdən də, qazdan da daha qiymətli resursdur. Neftsiz, qazsız yaşamaq olar, ancaq susuz yox.

BMT-nin hesablamalarına görə, dünyanın 80 ölkəsi su çatışmazlığı problemi ilə üzbəüz qalıb. Bu 80 ölkədə dünya əhalisinin 40 faizi yaşayır. Dünyanın az qala yarısı bu problemin əlində naçar qalıb. O 80 ölkə arasında Azərbaycan da var. Bizim su ehtiyatlarımızın 70 faizi ölkədən kənarda formalaşırsa, bu da bizim üçün ciddi riskdir. Üstəlik, bu ehtiyatın da tam yarısını itkiyə veririksə...

Dünyanın su çatışmazlığı riski yaşayan ölkələri arasında yer almışıq. Ancaq içində olduğumuz vəziyyətin fərqinə tam vara bilmişikmi?! Məncə, yox.

Dünyanın nüfuzlu ekspert cəmiyyətinin araşdırmalarında içməli su çatışmazlığı ən qorxulu qlobal beş riskdən biridir. Neft uğrunda müasir müharibələrin öz yerini su münaqişələrinə və müharibələrinə verəcəyinə dair proqnozlar artıq çoxdan bəllidir. Mərkəzi Asiyada, Şimali və Mərkəzi Afrikada, Şərqi Asiyada artıq bu cür münaqişələr baş verir. Dünyada su qıtlığından əziyyət çəkən milyardlarla insan qalan milyardlarla həmcinsi üçün həmişə ciddi təhlükə mənbəyi olacaq. Nəzərə alaq ki, su qltlığından ən çox əziyyət çəkən insan kütləsi Çin və Hindistan kimi nəhəng cəmiyyətlərdə yaşayır. Eləcə də, Pakistanda, Banqladeşdə və sair. Bu kütlənin axını hara ola bilər?! Təbii ki, şimala və qərbə doğru. Çünki Rusiya, eləcə də, mərkəzi və şərqi Avropa ölkələri içməli su ilə zəngindir. Su ehtiyatının ən çox olduğu Braziliyaya, Kanadaya əlləri çatmayacaq, yaxında Avropa və Rusiya var. Biz isə ölkə olaraq həm şimala, həm qərbə doğru gedən yolların üzərində təbii körpü, keçid rolunu oynayırıq. Üstəlik də, eyni problemdən əziyyət çəkirik.

İndi xəbərlərdə oxuyuram ki, Su Ehtiyatları Agentliyinin tərkibində Su Ehtiyatlarının İstifadəsinə və Mühafizəsinə Nəzarət Xidmətinin əsasnaməsi təsdiq edilib. Bu dövlət qurumunun üzərinə qoyulan vəzifə adından da bəllidir: sudan səmərəli istifadəni təşkili və mühafizəsi. Bir sözlə, su itkisinin qarşısını almaq. Gözləyək, görək, bu qurum su itkisini necə azaldacaq? Su israfının qarşısını necə alacaq?

Ancaq bu da təkcə dövlətin də üzərinə düşən bir iş deyil, cəmiyyətin də qayğısıdır. Sudan doğru-düzgün istifadə özü də bir mədəniyyətdir. Bu mədəniyyətin üst səviyyəsinə çata bilməsək, su çatışmazlığı daha qorxulu səviyyəyə çatacaq. Bu, qaçılmaz gerçəklikdir.

Orxan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »