Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - Serdar Kılıç və Ruben Rubinyan sabah Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcək. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə türkiyəli jurnalist Sena Alkan məlumat yayıb.
Danışıqlarda müzakirə ediləcək mövzuları indidən təxmin etmək olar. Əlbəttə, rəsmi İrəvanın istəyi budur ki, Türkiyə bu balaca Qafqaz ölkəsi ilə sərhədlərini açsın, dipıomatik əlaqələr yaratsın və Ermənistana türk sərmayələri gəlsin ki, yerli iqtisadiyyat canlansın. Bu, Ermənistana Rusiyanın iqtisadi asılılığından sürətlə azad olmaq üçün lazımdır. Həm də Ermənistan Türkiyə vasitəsilə Yaxın Şərq və Avropa ölkələri ilə iqtisadi-ticarət əlaqələrini genişləndirə bilər. Bir sözlə, Türkiyə ərazisi Ermənistan üçün həyat yolu ola bilər.
Ancaq fakt budur ki, Ermənistan bu yolu özü üçün elə özü bağlayıb, başqası yox. Eynilə, Azərbaycanla olduğu kimi. Ermənistanın, xüsusilə, əvvəlki hakimiyyətləri Azərbaycanın və Türkiyənin Ermənistanı blokadaya saldığını hər zaman iddia edib. Azərbaycan və Türkiyə hökumətlərinin də mövqeyi belə olub: Ermənistan Azərbaycanın ərazilərində işğalı dayandırsın, işğalçı qoşunlarını Azərbaycan torpaqlarından çıxarsın, o zaman sərhədlər və yollar açılar. Ancaq bu çağırışlar 30 ilə yaxın müddətdə eşidilmədi. 2020-2023-cü illərdə - üst-üstə cəmi 45 günə Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Müharibəni bitirən və müharibə bitdikdən sonra imzalanan razılaşmalarda Ermənistan nəqliyyat kommunikasiyalarının açılacağını, sərhədlərin müəyyənləşdiriləcəyini, sülh müqaviləsi imzalayacağını vəd etdi. Ancaq bunlardan biri qismən icra olunmağa başlasa da, ikisi heç başlamayıb belə.
Ən böyük maneələr hələ də qalır: birincisi, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı hələ də ərazi iddialarını ehtiva edən müddəalar var. Həm Bakı, həm də Ankara bu müddəaların ləğvini istəyir. Ancaq İrəvan sözdə razılaşsa da, hazırda real addım atmaq istəmir, əksinə bu məsələni uzatdıqca uzatmağa çalışır. İndi Nikol Paşinyan hökuməti bəyan edir ki, yeni Konstitusiya 2026-cı ilin sonunda müzakirəyə çıxarılacaq. Deməli, məsələnin həllini 2027-ci ilə saxlayırlar. Bu da sülh danışıqlarından, ümumiyyətlə, sülhdən qaçmaq üçün sanki hiyləgər, ancaq çox primitiv bir üsuldur. İkinci maneə hələ də Ermənistanla Azərbaycan arasındakı mübahisələri İrəvanın beynəlxalq müstəvidə saxlamasıdır. Bunun da hazır forması kimi Minsk Qrupunun saxlanmasıdır. Azərbaycanın isə mövqeyi məlumdur: bu Qrup saxlanmamalıdır. ABŞ, Rusiya və Fransa birlikdə indi hansı konflikti həll edə bilərlər?! Axı onlar Ukraynada bir-biri ilə müharibə edirlər?! Ermənistan buna göz yumur; deyir: "Пасиент скорее жив, чем мертв". Əslində isə əksinədir.
Bununla belə bəzi optimistlər Türkiyə ilə Ermənistan xarici işlər nazirləri arasında İsveçrənin Sürix şəhərində 10 oktyabr 2009-cu ildə imzalanmış iki sazişi hələ də diri sanır. Bu danışıqlara və imzalanmaya ABŞ, Fransa və Rusiya, eləcə də, Avropa İttifaqı da dəstək vermişdi. Ancaq 2010-cu ildə Ermənistan tərəfi Türkiyədə ratifikasiya prosedurunun uzandığını bəhanə edərək bu sazişlri ləğv etmişdi. O zaman Azərbaycan əraziləri işğal altındaydı və Türkiyə parlamenti bu üzdən ratifikasiya üçün tələsməmişdi. Eyni zamanda əvvəlcə sazişlər Konstitusiyaya uyğunluğun araşdırılması üçün Konstitusiya Məhkəməsinin müzakirəsinə verilmişdi ki, bu təbii, qanuni prosedur idi. Ancaq Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan bu prosedurun başa çatmasını gözləmədən sənədləri denonsasiya edən fərman vermişdi. Hazırda isə Türkiyə ilə Ermənistan arasındakı danışıqların konteksti də fərqlidir. Artıq, dediyimiz kimi, işğal aradan qaldırılıb; Azərbaycan öz torpaqlarını azad edib. Bundan başqa, əgər 2009-cu ildə Avropa İttifaqına üzv qəbul ediləcəyinə hələ "ümid bəsləyən", buna görə Qərbin və Risiyanın birgə təzyiqi altında güzəştlərə məcbur görünən Türkiyə vardısa, bu gün o Türkiyə yoxdur. Bu gün Avropa İttifaqına üzvlük xülyasından imtina etmiş Türkiyə var. Üstəlik Sürix protokolları üçün Ankaraya birlikdə pressinq edən ABŞ, Avropa İttifaqı, Fransa Rusiya ilə faktik öz aralarında müharibə vəziyyətindədir. O zaman Cənubi Qafqaza daxil ola bilməyən Türkiyə, Rusiyadan tam asılı Ermənistan vardısa, bu gün Cənubi Qafqazda möhkəmlənmiş Türkiyə və Rusiyadan uzaqlaşma yolunu tutmuş Ermənistan var. O səbəblərdən, bu gün Ermənistanın Türkiyəyə daha çox ehtiyacı yaranıb, nəinki Türkiyənin Ermənistana. Anlaşmaq üçün, uzlaşmaq üçün şərtlər yetişib. Ancaq Ermənistanın Konstitusiyasında Türkiyəyə də ərazi iddiaları yer alıb. Konstitusiya isə hər bir dövlətin əsas qanunudur. Əsasıdır demək. Öz əsasını başqasının torpağında başqalarının torpaqlarına əsassız iddialar üzərində qurmuş dövlətdən Konstitusiyasını dəyişməyi tələb etmək həmin o başqalarının - Azərbaycanın və Türkiyənin təbii və qanuni haqqıdır. Düşünürəm ki, Türkiyə-Ermənistan danışıqlarında Ankaranın mövqeyi bu ana xətt üzərində qurulub.
Bahəddin HəziBahəddin Həzi, Bizimyol.info






