Son vaxtlar Azərbaycanda avtomobil yollarında yeni monitorlar quraşdırılıb. Paytaxtın müxtəlif ərazilərində rast gəlinən monitorların əsas funksiyası, quraşdırılma məqsədi ilə bağlı sürücülərdə çoxsaylı suallar yaranıb.
Bizimyol.info xəbər verir ki, sözügedən monitorlarda hərəkətdə olan avtomobillərin sürət həddi əksini tapır. Bu da sürücülərdə onların yeni radarlar olması və yol verilən qayda pozuntularını qeydə alıb, cərimə yazılması ilə bağlı fikirlər yaradıb.
Lakin Daxili İşlər Nazirliyi yeni monitorların cərimə yazmadığını, sadəcə, sürücüləri məlumatlandırmaq funksiyası daşıdığını bəyan edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir:
“Yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir. Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir. Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir”.
Aytən, Bizimyol.info






