Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əcnəbi seyrə balonlarla çıxır"... Sürətlə rəqəmsallaşan dünyanın yeniliklərinə "gec" reaksiya veririk
"Əcnəbi seyrə balonlarla çıxır"... Sürətlə rəqəmsallaşan dünyanın yeniliklərinə "gec" reaksiya veririk

Müasir dünyanın tələblərindən biri də rəqəmsallaşmaya isti yanaşmaqdır. Dövrün reallıqlarını mümkün qədər tez qəbul edən ölkələr bundan yalnız fayda götürürlər. Azərbaycanda proses xeyli ləng gedir. Yeni texnologiyaların bazara daxil olması yubanır. Rəqəmsallaşma ilə bağlı bir sıra layihələr hələ də zamanını gözləyir.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin üzərinə böyük məsuliyyət düşür. Amma agentlik sanki yeniliklərə hazır deyil. Bizimyol.info xəbər verir ki, bu günlərdə qurumun rəhbərliyi “Nokia” və “Huawei” şirkətlərinin nümayəndələri ilə görüşüb. Elə bilməyin ki, yeni nəsil texnologiyalar, əvvəlkilərin müasirləşdirilməsi müzakirə olunub. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi xarici şirkətlərlə müzakirəyə mövcud internet şəbəkəsində olan modemlərin keyfiyyətini çıxarıb.

Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz hesab edir ki, yeni texnologiyalara münasibətdə, rəqəmsallaşmada geri qaldığımızı etiraf etməyin zamanı çatıb. O, postsovet məkanının bir neçə ölkəsi ilə müqayisə aparmağın tərəfdarıdır.

Osman Gündüz Osman Gündüz

“Qazaxıstanda rəqəmsal inkişafa cavabdeh qurumun “Huawei” ilə 2-3 il öncəki görüşlərində 5G müzakirə olunurdu. Hazırda 5G şəbəkəsi qurulub. Ermənistanın rəqəmsal sektora cavabdeh qurumu xeyli müddətdir ki, “Nokia” ilə birgə 4G-nin modernizasiyası və 5G infrastrukturunun qurulması haqqında məlumatlar açıqlayırlar. Görünən odur ki, real işlərə başlayıblar. Gürcüstanda açıqlanan məlumatlardan bilinir ki, “Nokia” ilə birgə memorandumları var, artıq 5G infrastukturunu mərkəzdə qurublar. Özbəkistan bu il Nokia ilə birgə 5G infrastrukturunun qurulmasına start verib. Görmək olur ki, son bir neçə ildə qonşu dövlətlərin və bizim ölkənin rəqəmsal sektorun tənzimlənməsinə cavabdeh qurumlarının məhz bu sahə ilə əlaqəli açıqlamaları arasında kəskin rəqəmsal bərabərsizlik var”.

Multimedia Mərkəzinin rəhbəri bizim mobil operatorların 5G-yə maraq göstərməməsi fikri ilə razı deyil. Onun fikrincə, agentlik belə açıqlamalarla məsuliyyəti üzərindən atır.

Rəqəmsallaşma ilə bağlı bir neçə sənəd qəbulunu gözləyir. Təkcə rəqəmsallaşma ilə bağlı inkişaf strategiyasının hazırlandığını xatırlatmaq yetər. Layihələrdən heç biri müzakirəyə verilməyib, təsdiqlənməyib. Nəyi gözlədiyimizi anlamaq olmur. Zaman gedir, yeni dünya şərtlərini ortaya qoyur. Biz isə yatmağa üstünlük veririk.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »