Təcrübəli məşqçi Rıza Çalımbay yeni macəraya çıxmağa hazırlaşır. Sonuncu dəfə “Beşiktaş”ı çalışdıran Çalımbay məşqçilik karyerasında ilk dəfə millini çalışdıra bilər.
Bizimyol.info "ntvspor"a istinadən xəbər verir ki, Rıza Çalımbayın adı bir müddətdir Azərbaycan Milli Komandasında hallanır. Təcrübəli çalışdırıcı iddialarla bağlı səmimi açıqlamalar verib.
“Sabah”a danışan Rıza Çalımbay bildirib ki, adının Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə çəkildiyini eşidib. Hələlik rəsmi təklif almadığını bildirən Çalımbay: “Azərbaycan Milli Komandasından rəsmi təklif olmayıb, amma eşidirəm ki, məşqçilik üçün adım çəkilib”, - deyə qeyd edib.
Bir neçə gün ərzində ona zəng edəcəklərini düşündüyünü ifadə edən Çalımbay: "Təklif gəlsə, Azərbaycan Millisində xidmət etməkdə maraqlı olardım", - deyə bildirib.
Məşqçi karyerasına Göztəpədə başlayan Rıza Çalımbay ardıcıl olaraq “Denizlispor”, “Ankaragücü”, “Çaykur Rizəspor”, “Beşiktaş”, “Ankaraspor”, “Əskişəhərspor”, “Sivasspor”, “Mersin İdmanyurdu”, “Kasımpaşa”, “Antalyaspor”, “Trabzonspor”, “Konyaspor” kimi komandaları çalışdırıb.
Rıza Çalımbay 2021-22 mövsümündə "Sivasspor"la Türkiyə Kuboku sevincini yaşayıb.
Qadir, Bizimyol.info






