Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüskarı olduğu və təsdiqlədiyi kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icra olunmağa başlayıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu proqramın əsas hədəfini qısaca olaraq ekstensiv modeldən intensiv modelə keçid kimi xarakterizə edib.
Ancaq bu da hələ başlıca məqsəd deyil. Prezidentin hökumət, o cümlədən və xüsusilə Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyduğu əsas tapşırıq, ya da əsas tapşırıqlardan biri ölkənin özünü kənd təsərrüfatı məhsulları ilə əsasən təmin etməsidir.
Niyə "əsasən" dedim?! Çünki bu təminata yüz faiz nail olmaq mümkün olmur.
Məsələn, elə kənd təsərrüfatı məhsulları var, onlar, sadəcə olaraq, Azərbaycanda yetişmir. Elə sahələr var, rentabelli deyil; həmin məhsulların çox hissəsini kənardan idxal etmək lazım gəlir, daha sərfəlidur. Yaxud elə məhsullar var, fermerlər o məhsulları yerli bazara deyil, daha çox ixrac bazarlarına çıxarmaq üçün yetişdirir, satır, daha çox qazanır. O halda həmin məhsulun anoloqunu xaricdən daha çox idxal etmək zərurəti yaranır.
Prezident də kənd təsərrüfatına həsr edilmiş müşavirədə bu reallığı əks etdirən rəqəmlər səsləndirmişdi.
Məlum olur ki, ərzaq taxşlı üzrə vəziyyət heç də ürəkaçan deyil. Bunu dövlət başçısı özü də vurğulamışdı: "Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır".
Bununla Prezident hökumət qarşısında ərzaq buğdası istehsalının artırılmasını başlıca vəzifə kimi qoydu. Çünki buğda ərzaq təhlükəsizliyinin əsas məhsuludur.
Prezidentin sözügedən müşavirədəki çıxışından, şərh etdiyi göstəricilərdən də məlum olduğu kimi, Azərbaycanda kənd təsərrüfatı istehsalında vəziyyət heç də faciəli deyil: elə məhsullar var (məsələn, meyvə, giləmeyvə, tərəvəz və sair kimi) ölkənin tələbatını tam ödəyir. Fındıqçılıqda isə, dövlət başçısının dediyi kimi, Azərbaycan dünyada 3-4-cü yerlərdədir. Bu, kiçik uğur deyil. Başqa məhsullarla bağlı vəziyyəti də Prezident "prinsipcə müsbət" kimi qiymətləndirdi: əksər növlər üzrə 80-95 faiz aralığında özünütəminetməyə imkan verən istehsal var.
Ümumiyyətlə, dünyada özünü kənd təsərrüfatı məhsullarının bütün növləri ilə 100 faiz təmin edən ölkə, demək olar, yoxdur. Dünyanın böyük, xüsusilə, inkişaf etmiş ölkələrinə baxsaq, bunu aydın görmək olar. Məsələn, ABŞ taxıl, ət, süd, qarğıdalı, soya və sair məhsulların böyük ixracatçısıdır. Braziliya ət, soya, şəkər, qəhvə, qarğıdalı kimi məhsulların böyük həcmlərdə istehsalına və ixracına nail ola bilib. Argentina taxılla və heyvandarlıq məhsulları ilə özünü yüksək səviyyədə təmin edir. Eləcə də, Avstraliya, Kanada, Yeni Zelandiya, Fransa kimi ölkələri misal çəkmək olar. Onların heç biri bütün məhsullarla özünü tam təmin etmir. Ancaq, məsələn, Rusiya məlumdur ki, taxıl baxımından tam təminatlıdır. Hindistan ərzaq məhsullarının az bir hissəsini kənardan alır.
Bunları təhlil edəndə, Azərbaycanın ərzaq təhlükəsizliyində ən zəif nöqtəsi, deyildiyi kimi, məhz ərzaq taxılının istehsalı ilə bağlıdır. Prezidentin də aqrar siyasətinin əsas prioriteti kimi taxıl istehsalının artırılmasını vurğulaması bu baxımdan tam təbiidir və tamamilə doğrudur.
Bütövlükdə kənd təsərrüfatı məhsullarının istehsalını və ixracını artırmaq üçün Azərbaycanda olan potensialdan hələ tam istifadə olunmayıb. İşğaldan azad olunmuş ərazilərin də ölkə iqtisadiyyatına - təsərrüfat fəaliyyətinə uğurlu reinteqrasiya prosesini də nəzərə alsaq, Prezidentin hökumət qarşısında qoyduğu tapşırıqların məntiqi tam aydınlaşır.
Artıq 6 ilə yaxındır, Azərbaycan müharibədə tarixi qələbə qazanıb. Sentyabrda 3 il olacaq ki, Azərbaycan Qarabağ İqtisadi rayonunda öz suverenliyini tam təmin edib. Bu bölgədə mədən sənayesi, emal sənyesi, turuzm və sair sahələrlə yanaşı kənd təsərrüfatı üçün də çox böyük imkanlar var. Xüsusilə, heyvandarlıq, taxılçılıq, bostan məhsulları və sair üzrə.
Bu potensialı reallaşdırmaq üçün, sadəcə, elə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında deyil, eləcə də, ölkənin hər yerində aqrar sahə üzrə əmək resurslarına böyük tələbat var. Hökumət kənd təsərrüfatının inkişafına 5 milyard manat həcmində sərmayə yönəltməkdə qərarlıdır; bu, ölkə Prezidentinin verdiyi tapşırıqdır.
Bu sərmayələr kənd yerlərində və kiçik şəhərlərdə açılacaq çoxsaylı iş yerləri - işçi və mütəxəssis ordusuna ehtiyac deməkdir.
Bir sözlə, təkcə maliyyə resursu ilə məsələ bitmir; bölgələrdə insan resursuna ehtiyac var. Bu da kənddən şəhərə axınıın yönünü geriyə - böyük şəhərlərdən, xüsusilə, Bakıdan kiçik şəhərlərə və kəndlərə doğru döndərmək zərurəti yaradıb.
Əvvəl də dediyimiz kimi, kəndə dönüş sadə bir söz deyil, ölkənin taleyində, inkişfında ciddi dönüş - balans yarada biləcək strateji planlamadır. Bu, milli ideyadır.
Əvvəl şəhərlərdə tikinti bumu, ticarət və xidmət sferalarının fantastik sayıla biləcək artımı vardı, indi bu proseslər böyük şəhərlərdə əsasən sabitləşib, yaxud bazar "doyub". İndi artıq əks proses başlayıb, yaxud əks axına zərurət yaranıb.
Dünyadakı müharibələr, münaqişələr öz yerində, demoqrafik artımdakı disbalans, qlobal iqlim anomaliyaları və sair amillər qidaya, içməli suya tələbatı çox sürətlə artırır. Ona görə də hazırkı mərhələdə ərzaq təhlükəsizliyi əsas prioritetlərdən birinə, hətta birincisinə çevrilir. Azərbaycan da bunu hiss edir; Prezident də görür, təhlil edir və gediləcək doğru istiqaməti müəyyənləşdirir. Kənd təsərrüfatının - kəndin inkişafı məhz həmin o düzgün seçilmiş doğru yoldur.
P.S. Bir çox insanlar indi təəssüf edir ki, böyük şəhərlərdə "tikinti bumu" yeni başlayanda - tələbat nisbətən az, qiymətlər daha münasib olanda şəhərlərdə, xüsusilə, Bakıda əmlak, torpaq sahəsi, obyekt və sair əldə etməyib. Yəni vaxtında inkişaf meylini tuta bilməyib.
Düşünürəm ki, indən sonra kiçik şəhərlərə və kəndlərə vaxtında uğurlu dönüş edə bilməyənlər gələcəkdə çox şey itirəcəklər və bunu anlayanda bəlkə də çox gec olacaq.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





