Bir müddət əvvəl Türkiyədə Maliyyə Cinayətlərinin İstintaq Şurası (MASAK) əhatəli araşdırmaya başlayaraq, 700-dən çox sosial şəbəkə fenomeninin var-dövləti üzərinə həbs qoydu. Gündəmə ilk düşən isə, sosial şəbəkələr üzərindən izləyicilərinin üzərinə tüpürən Dilan Polat oldu. Bunsan sonra sözün əsl mənasında ov başladı.
Açıqlanan məlumatlara görə, fenomenlərin hamı demək olar ki, son 2-3 ildə qeyri-müəyyən şəkildə varlanıb. Lüks avtomobillər, villalar, istirahət mərkəzlərində əyləncələr, bahalı zinət əşyaları, xarici ölkələrdə dodaq uçurdan tətillər və s. Bu zaman birneçə sual ortaya çıxdı...
- Minimum əmək haqqı 11500 lirə olduğu halda bu insanlar birdən-birə necə varlana bildi?
- Sosial şəbəkələr həqiqətənmi bu qədər qazandırır? Yoxsa bu fenomenlərdən qara pulları təmizləmək üçün istifadə edilir? Əgər ortada belə bir iş varsa, kimdir bu qara pulların sahibi?
- Hardan gəlir bu "dəyirmanın suyu"?
MASAK dövlətə sözün əsl mənasında xəyanət edildiyindən şübhəli olaraq müəyyən edilən bu şəxslərin əmlakını həbsə aldı.
Qeyd edək ki, Türkiyədə mövcud inflyasiyanın vətəndaşın həyat rifahına təsiri güclüdür. Və bir gözəllik salonu yaratmaq qeyd edildiyi kimi heç də asan deyil. Əgər maddi baxımdan sıfırdasansa və yaxud orta gəlirli bir ailəsənsə, birdən birə 150-dən çox gözəllik salonu sahibi olmağın təbii ki, qaynağı başqadır...
İndi Türkiyədə hər kəs sözün əsl mənasında suyu üfürə-üfürə içir. Yəqin ki, bəzilər artıq mal-varlığını reklam etmək arzusunu da içində dəfn edib.
Nə isə, Türkiyədə baş verənlər bizim fenomenləri də diqqət mərkəzinə gətirir. Azərbaycanda da elə fenomenlər var ki, xarici ölkələrə səyahətlər həyata keçirir, bahalı avtomobillər alır və lüks məkanlarda sözün əsl mənasında "istirahət" edir. Araşdıranda isə, əslində bu şəxslərin konkret olaraq nə ilə məşğul olduqları bəlli deyil. Konkret iş yerləri, qazancları olmayan bu şəxslər lüks avtomobillər sürür, hər gün istirahət mərkəzlərində gün keçirir, sözün əsl mənasında öz "bahalı" həyatlarını reklam edirlər.
Hardandır bu qazanc?
Qeyd etdiyim kimi, sadəcə tanıtım materialının keçidini paylaşmaqla və hansısa obyekti reklam etməklə bu vəsaitləri əldə etmək qeyri-mümkündür.
Azərbaycanda sosial şəbəkə fenomenlərinin lüks həyatını reklam etməsi cəmiyyətə sözün əsl mənasında zərərdir. Çünki bu görüntülər gənclərdə belə fikir formalaşdırır ki, qadın geyimi geyinmək və yaxud homoseksual olmaqla çox vəsait əldə etmək mümkündür. Və yaxud o bahalı həyatları görən gənclər elə bir həyatın qanuni yolla əldə edilə bilməyəcəyini başa düşmədikləri üçün hər yola əl atmağa yönəlirlər. Ya da yönləndirilirlər. Bura əxlaqsızlıqdan tutmuş, aludəçilik yaradan müxtəlif preparatların satışı, soyğun və s. cinayətləri daxil etmək mümkündür.
Yeri gəlmişkən qeyd edim ki, bir neçə gün öncə Türkiyədə əxlaqsız görüntülərini yayımlayan iki "TikTok" fenomeni saxlanılıb. Azərbaycanda bu şəbəkədə əxlaqsızlıqla məşğul olan qadınlar özlərini reklam edir, "müştəri" toplayır, ünvan və telefon nömrəsi paylayırlar. Eyni zamanda digər qanunsuz işlər görən onlarla sosial şəbəkə istifadəçiləri var.
- Bəs bizim aidiyyatı qurumlar niyə bu şəxsləri araşdırırmı?
- Azərbaycan qanunlarında əxlaqsızlığın təbliğatına icazə varmı?
Düzdür, biz hüquqi dövlətdə yaşayırıq. Bundan asılı olmayaraq, uşaqlarımızın və gənclərimizin təbliğat "maşın"ı missiyasını üzərinə götürmüş homoseksualların "bahalı" və "qazanclı" həyatından örnək götürməsinə icazə verə bilmərik.
Sosial şəbəkələri məhdudlaşdırmaq çözüm deyil. Sadəcə olaraq, bu şəxslər haqqında qanuni ölçü götürülməlidir ki, əgər aralarında çirkli pulların yuyulması ilə məşğul olanlar, dövlətin "cib"inə girənlər və əxlaqsızlığı təbliğ edənlər varsa, cəmiyyət belə murdarlıqlardan təmizlənsin.
Mövzuya yenidən qayıdacağıq...
İlahin, Bizimyol.info






