Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Polşa Respublikasının ən yüksək dövlət mükafatı olan “Ağ qartal” ordenini Polşa hakimiyyətinə geri qaytarmaq qərarı verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat verib.
Bundan əvvəl eyni addımı Ukraynanın keçmiş prezidenti Leonid Kuçma da atmışdı. İyunun 20-də isə Ukrayna Prezidenti Vladimir Zelenski ordeni Polşa prezidenti Karol Navrotskiyə geri qaytardığını açıqlamışdı.
Navrotski Zelenskini “Ağ qartal” ordenindən məhrum etmə qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə əsaslandırmışdı. Polşada Ukrayna Üsyançı Ordusunun (UPA) üzvləri 1943-cü ildə Volında 100 mindən çox polyakın öldürülməsində məsuliyyət daşıyan şəxslər kimi qiymətləndirilir. Zelenskiyə bu ordeni əvvəlki Polşa prezidenti Anjey Duda təqdim etmişdi.
Eyni zamanda bir sıra ukraynalı rəsmilər də Polşanın dövlət mükafatlarından imtina ediblər. Ukraynanın Polşadakı səfiri Vasili Bodnar “Kavaler Xaçı”nı, Zelenskinin ofisinin rəhbəri Kirill Budanov “Qızıl zabit xaçı”nı, xarici işlər naziri Andrey Sibiqa “Komandor Xaçı”nı geri qaytaracağını bildirib. Prezident ofisi rəhbərinin müavini İqor Jovkva da “Xidmətlərə görə Kavaler Xaçı”nı Polşaya qaytarmaq qərarı verib.
Bizimyol.info






