Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə yeni nazir və sədrin rəhbərliyində yenidən dünyada qəbul edilmiş tənzimləyici tədbirlərə qayıtdı"
"Türkiyə yeni nazir və sədrin rəhbərliyində yenidən dünyada qəbul edilmiş tənzimləyici tədbirlərə qayıtdı"

Türkiyə Mərkəzi Bankı uçot dərəcələri ilə bağlı qərarını açıqlayıb. Bildirilib ki, uçot dərəcələri 5% artırılaraq 30%-ə çatdırılıb.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyədə baş verənlər normal makroiqtisadi və monetar siyasətə dönüşün nəticələridir. Yaxın bir neçə ay əvvələ kimi ölkədə əsas məqsəd faiz dərəcələrinin endirilməsi idi. Bir növ pul siyasəti və Mərkəzi bankların müstəqilliyi məsələsini də əhatə edən bu məqamın, Türkiyədə bir neçə il davam etməsində məqsəd seçki öncəsi dövrdə işsizlik və büdcə xərclərini, o cümlədən xarici sərmayəni kompensasiya etmək üçün pul dövriyyəsini artırmaq idi. Onun sözlərinə görə, həm alət, həm də məqsədin yanlış zaman və yanlış situasiyada seçilməsi növbəti mərhələdə iqtisadiyyatı çətin vəziyyətə salıb.

Pünhan Musayev Pünhan Musayev

“Zaman-zaman tətbiq olunan palliativ tədbirlər (məsələn, məzənnəyə indekslənmiş depozitlər və ixracat gəlirlərinə rüsumların tətbiqi) isə sadəcə günü qurtarmaq mahiyyəti daşıyırdı. Çox qısa zamanda xarici ticarət və büdcə kəsrinin, o cümlədən dövlət borcu və inflyasiya kimi makroiqtisadi göstəricilərin yüksəlməsi gedişat barədə qərarvericiləri yenidən götür-qoy etməyə vadar elədi ki nəticədə də seçki sonrası Türkiyə hökuməti maliyyə-pul siyasətinə məsul heyətdə ciddi dəyişikliklər apardı. Beləliklə, yeni nazir və sədrin rəhbərliyi ilə Türkiyə yenidən dünyada qəbul edilmiş tənzimləyici tədbirlərə dönüş etdi”-deyən iqtisadçı bildirib ki, məhz bunun nəticəsidir ki, may ayından bəri Türkiyə Mərkəzi Bankı 4 addımda stavkanı 21.5 bənd artıraraq 30 faizədək qaldırıb. Hətta iclasların birində 7.5 bəndlik artım qərarı verildi ki, azı son il üçün bu rəqəm rekord deməkdir.

İqtisadçının fikrincə, buna baxmayaraq, faiz parametrlərindəki dəyişikliyin lirənin məzənnəsinə yansımasını görə bilmirik.

“Spesifik olaraq, bu da onunla assosiasiya oluna bilər ki, zamanında faiz dərəcələri ardıcıl endiriləndə lirənin məzənnəsi sabit saxlanılıb və indi də o dəyəri qoruyur, yəni bahalanmağına ehtiyac yoxdur. Ümumilikdə isə, zatən valyuta kurslarına dair təxminlər böyük ehtimalla özünü doğrultmur. Gerçəkləşən ehtimallar, əsasən təsadüfiliklə xarakterizə olunur. Çünki valyuta kursları təkcə faiz pariteti ilə müəyyən olunmur, ölkənin xarici balansı da önəmlidir. Yəni, əslində ölkə pulunun xarici dəyəri ölkənin xariclə alıb-satdığı və bunun müqabilində ölkəyə daxil olub-çıxan ödənişlərin qarşılığıdır. Biz də təxmin edə bilmərik axı, gələcəkdə Türkiyənin idxal və ixracı, buna müvafiq olaraq gəlir və xərci necə dəyişəcək. Özü də bu, təkcə Türkiyə deyil, dünyanın bütün ölkələri üçün keçərlidir. Hansı ki, ötən il əksəriyyət dolların hədsiz bahalaşıb, avro və funtun kəskin ucuzlaşacağını gözləyirdi. Halbuki, qeyd etdiyim səbəblərdən irəli gələrək prosesin tərsi baş verdi”-deyən Pünhan Musayev bildirib ki, əlavə olaraq, heç rasional addımların da davam edib-etməyəcəyinə dair konkret bilgi yoxdur. Yəni, minimal ehtimal olsa belə, ancaq yenə də növbəti gün bürokratiya Türkiyədə yenidən faizlərin endirilməsini dəstəkləsə, onda necə olacaq? Elə bu qeyri-müəyyənlik də indidən dəqiq proqnoz etməyi mümkünsüz edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »