Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixin dönüş anı...
Tarixin dönüş anı...

Bu yazımın adına “müraciət” deyin, “çağırış”, “xahiş”, “tələb” deyin. Nə deyirsiniz, deyin.

Uzun zaman gözlədiyimiz lokal antiterror tədbirləri görülür. Ordu, polis, təhlükəsizlik qüvvələri öz işini görür. Peşə borclarını, xidmət borclarını yerinə yetirir. Hər bir azərbaycanlının da borcu bu işdə onlara öz dəstəyini göstərməkdir. Ən azı mənəvi dəstək. Ancaq bizim ordumuza, təhlükəsizlik qüvvələrimizə ən birinci və ən böyük köməyimiz... onlara mane olmamaqdır. Hərbi texnikanın, hərbi qulluqçuların hərəkətini videoya çəkənlər, şəklini çəkib yayanlar, döyüş mövqeləri haqqında hardansa eşitdiyi, ya da erməni mənbələrindən oxuduğu dəqiqləşdirilməmiş, rəsmən təsdiqlənməmiş informasiyaları (çox halda da dezinformasiyaları) yayan adamların üstündə şəhidlərimnizin qanı var.

Mən başa düşmürəm: hara tələsirsiniz? Niyə tələsirsiniz? Onsuz da hansısa ərazilər azad olunanda, bu haqda rəsmən məlumat veriləcək. Dəqiq olmayan xəbəri tirajlayan, hətta yalan olduğunu əvvəlcədən bildiyi halda ətrafa “hərbi informasiya” saçan adamlaradır sözüm: guya özünüzü məlumatlı göstərəndə, ətrafınızda üç-beş nəfər: “Afərin” deyəndə nə olur ki?! Biz media sektorundayıq. Hamıdan əvvəl qələbə xəbərlərini yaymaq ən çox media orqanlarının, jurnalistlərin arzusu, hətta borcudur. Çünki media orqanlarının qazancı daha operativ xəbər yaymaq, daha dolğun şərhlər verməkdir. Media – xəbər axtaran, tapan, hazırlayıb faktik olaraq satan institutdur. Əgər biz düşmən mənbələrinə istinadla hətta bizim xeyrimizə olan xəbəri də yaymırıqsa, deməli, bunun bir mənası var. Bir səbəbi var. 30 ildən çoxdur, demək olaar ki, 35 ildir ki, biz permanent müharibə şəraitində yaşayırıq. Bu qədər “döyüş” təcrübəmiz var, təəssüf ki. Elə bir düşmən(lər)lə qonşuyuq ki, hətta atəşkəsin özü də müharibə demək olub bizim üçün. Yəni nəyin nə olduğunu bilməliyik axı!

Bilməliyik ki, bilmədən, istəmədən belə düşmənə kömək etmiş olarıq. Bəzən bizim 3-5 dənə artıq layk qazanmaq ehtirasımız 3-5 nəfər və daha çox əsgərimizin həyatına son qoya bilər.

Antiterror tədbirlərinin həyata keçirildiyi bölgəyə yaxın ərazidə yaşayan, ordumuzun atəş trayektoriyalarını videoya çəkib yayan qardaş, sən düşmənə koordinat verirsən, ordumuzun atəş nöqtəsini, dislokasiya məkanını göstərirsən axı. Bunu bilirsənmi?! Soruşsam, deyəcəksən: “İstəmərəm, əsgərimin ayağına daş dəysin”. İnanaram da, bəlkə. Ancaq ayağına daş dəyməsini istəmədiyin əsgərin başına bomba yağmasına səbəb olursan. Niyə edirsən bunu?! Nə qazanırsan?! Nə əldə edirsən?! Nəyin həvəsidir bu?! Ya da hansı maraqdandır?! Vətəndaş jurnalistikasısan?! Bu gün əvvəlcə vətəndaş olmaq günüdür. Sonrası sonra. Bir az səbrin olsun da. Qarabağda, Xankəndində hadisələr 1988-ci ildən başlayıb. Bu gün 2023-cü ildə yaşayırıq. 35 ildir ki, Xankəndini sənin əlindən alıblar. 35 ildir ki, bu günü gözləyirsən, 35 dəqiqə, 35 saat, ya da lap gərək olsa, 35 gün gözləsən, nə olacaq?! Hərçənd o qədər uzun çəkəcəyi gözlənilmir; 35 günü sözgəlişi dedim.

Bir də bu iki daşın arasında müxalifətçilik ruhunu itiləyənlərə də iki kəlmə sözüm var. Başa düşürəm, hakimiyyəti sevmirsiniz, onu dəyişib özünüz gəlmək istəyirsiniz. Bunun üçün partiyalarda birləşmisiniz. İqtidarı tənqid edirsiniz, səhvlərini axtarıb, tapış aşkarlamaqla məşğulsunuz. Bunları anlayıram. Nə demək olduğunu bilirəm. Ancaq bu günkü hadisələrdə hakimiyyət məsələsi yoxdur. Qarabağın terrorçulardan təmizlənməsi dövlətin məsələsidir. Qarabağ iqtisadi rayonu Azərbaycan Respublikasının ərazisidir. Xankəndi Azərbaycan dövlətinin şəhəridir, hakimiyyətin deyil. Hakimiyyəti sevərsiniz-sevməzsiniz, o başqa. Dövləti ki sevirsiniz! Hər halda elə deyirsiniz. Dövlətini sevən onun apardığı antiterror mübarizəsinə dəstək verər, mane olmaz. Mən ad çəkmirəm. Kimə aiddirsə, bilir. Aparılan antiterror mübarizəsini gözdən salan fikirlər, yanlış, ya da indi deyilməsi zərərli olan mülahizələr, lap elə faktlar söylənilir.

Çox dərinə, yaxud uzağa  getməyəcəm. Yaxın tarixdən bir misal: 1992-ci ilin yay-payız aylarında da Azərbaycan Əskəran, Ağdərə, Xocalı, Xankəndi... uğrunda hərbi əməliyyatlar aparırdı. Elə bilirsiniz, Rusiyanın mövqeyini neytrallaşdırmasaydı, o hərbi uğurları əldə etmiş olardı?! Dövlətin gücü elə ondadır ki, öz ordu gücünü formalaşdırmaqla yanaşı oankı regional geosiyasəti və beynəlxalq şəraiti də nəzərə alsın. Bacardığı qədər daha çox aktoru özünün müttəfiqinə çevirsin, müttəfiqi olmayanların isə mövqeyini neytrallaşdırsın. Yanında ola bilməyənin qarşısında olmamasına nail olsun. Diplomatiya dediyimiz budur. Guya biz təhlil edə bilmirik, yoxsa hadisələrin inkişafını proqnozlaşdıra bilmirik, proseslərin daxili məntiqini tutmamışıq?! Bunları biz də bacarırıq. Hər məsələnin müzakirəsinin də öz vaxtı, yeri var. Əgər qonşuluqda olan böyük dövlətlər indiki hadisələrə dair açıq və kəskin mövqe tutmursa, deməli, Azərbaycanın daxili işlərinə qarışmırlar. Çünki Qarabağı terrorçulardan təmizləmək Azərbaycanın öz daxili məsələsidir. Azərbaycan öz ərazisində antiterror mübarizəsi aparır. Hə, deyərsiniz ki, bəs əvvəl qarışırdılar axı. Doğrudur. Əvvəlkindən fərqli olaraq indi qarışmırlarsa, deməli, bunun da əsaslı səbəbləri var. Deməli, diplomatoyamız əvvəkli kimi “evdə oturmayıb”, real sahədə işləyib.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT BAŞ Məclisinin sessiyasında: “Qarabağ Azərbaycan torpağıdır” deyirsə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək haqqına dəstək verirsə, salondan alqış alırsa, Ermənistan nümayəndəsini çaşqın və zavallı duruma salırsa, bu, o deməkdir ki, Azərbaycan Türkiyə ilə münasibətlərini əsl qardaşlıq müstəvisinə daşıya bilib. Türkiyə xarici işlər naziri Hakan Fidan bu hadisələr ərəfəsində müxtəlif paytaxtları gəzib, qlobal güclər də daxil hər kəsə: “Qarabağ həm də bizim məsələmizdir” deyirsə, bunu Şuşa Bəyannaməsinə əsaslanaraq deyir. Dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə birliyinin, bərabərliyinin indiki səviyyəsi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Türkiyə prezidentinə təşəkkür mesajında bir daha vurğulanıb: “Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib”. Strateji müttəfiqimiz olan xeyli ölkə var. Ancaq Türkiyənin rolu və yeri tamamilə bir başqadır. Şuşa Bəyannaməsi çox mühüm sənəddir; bu haqda yazmışdım, bir də yazıram: bir mühüm NATO dövləti, Şimali Atlantika Alyansının ikinci ən böyük ordusu gəlir və Rusiya ilə İran arasəndakı coğrafiyada qardaş Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyinə çox mühüm təminatlar yaradan sənəd imzalayır. İmzalamaqla da qalmır, onu real həyatda, təcrübədə də tətbiq edir.

Ölkədəki hakimiyyətə müxalifətçilik etmək, ya da azad düşüncə sahibi olmaq bu qədər açıq, aydın və çox mühüm gerçəkləri danmaq demək deyil. İllah da indiki taleyüklü anda! Tarixin bu dönüş anında...

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »