Vaxtilə Rusiyanın strateji üstünlüyü hesab olunan işğal altındakı Krım indi həm hərbi, həm də siyasi baxımdan Vladimir Putinin ən həssas nöqtələrindən birinə çevrilib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" hazırlarığı analitik məqalədə yazıb.
Nəşrin məlumatına görə, Ukraynanın dron zərbələri nəticəsində yarımadada enerji, nəqliyyat və hərbi infrastruktur ciddi zərər görüb. Elektrik və su təchizatında fasilələr yaranıb, yanacaq qıtlığı müşahidə olunur, qiymətlər bahalaşıb, turizm mövsümü isə faktiki olaraq iflasa uğrayıb.
Məqalədə bildirilir ki, Ukrayna Krımı təcrid etməklə Rusiyanın cənubdakı hərbi logistikasını zəiflətməyə və Moskvanı digər cəbhələrdən qüvvə çəkməyə məcbur etməyə çalışır.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin keçmiş rəis müavini İlya Pavlenko Krımı “Rusiyanın imperiya ambisiyalarının qızıl açarı” adlandıraraq, yarımadanın geri qaytarılması üçün hərbi güclə yanaşı, diplomatik, iqtisadi və informasiya vasitələrinin də vacib olduğunu bildirib.
Bununla belə, ekspertlər Krımın azad edilməsinin mümkün olduğunu desələr də, bunun yaxın perspektivdə baş verməsini real hesab etmirlər.
Bizimyol.info






