Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq olimpiadada yüksək nəticə: Amma yenə “qızıl” yoxdur
Beynəlxalq olimpiadada yüksək nəticə: Amma yenə “qızıl” yoxdur

Azərbaycanlı məktəblilərin beynəlxalq olimpiadalarda çıxışı daha intensiv xarakter almağa başlayıb. Yaxşı haldır ki, hər il bu məsələyə həssas yanaşılır, uğur qazanmaq cəhdlərinin artdığı hiss olunur. Məntiqi nəticə kimi medalların sayının artmasını da göstərmək olar. Əlbəttə, həmişə uğurlara sevinmirik. Məsələn. 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında medalsız qalmışdıq. 110 ölkə arasında yalnız 74-cü yeri tutmuşduq. Amma məktəbli fizikaçılar yüksək nəticə göstərməyi bacarıb.

Bizimyol.info xəbər verir ki, bizimkilər Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasından yaxşı göstərici ilə qayıdıb. Ümumilikdə 5 medal qazanılıb. Bunlardan 3-ü gümüş, 2-si bürüncdür. Zeynəb Məmmədli ölkəyə qız məktəblilərin gətirdiyi ilk gümüş medalın sahibi kimi seçilməyi bacarıb. Sumqayıt şəhər Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyinin 11-ci sinif şagirdi ilə yanaşı, Bəxtiyar Ağayev (Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya) və Murad Xəlil (Bakı şəhər Bakı Türk Liseyi) belə uğur əldə edib. Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Raiq Babazadə ilə Bakı şəhər Texniki-humanitar liseyi təmsil edən Məhəmməd Cəfərli bürünc medal qazana bilib.

Beynəlxalq Kimya Olimpiadasında da yaxşı iştirak edirik. Bu günlərdə sayca 58-ci olimpiadada mübarizə davam edir. Özbəkistanın paytaxtı Daşkəndə 4 nəfər kimyaçı məktəbli yollanıb. Onların vətənə yüksək nəticə ilə qayıdacağına ümid edirik.

Medallar qazanılır, təəssüf ki, “qızıl” problem olaraq qalır. Bu çatışmazlıq həmişə hiss olunur. Sanki ya hazırlıq prosesində hansısa boşluğa yol verilir, ya da olimpiadanın gedişində son nöqtəni qoymağı bacarmırıq. Bir müddət əvvəl məhz hazırlıqla bağlı sosial mediada müəyyən müzakirə açılmışdı. Hesab olunurdu ki, məhz müəyyən boşluq yüksək nəticələrə imkan vermir. Xüsusilə valideynlər olimpiadalarda böyük uğur əldə edilməsində həvəslidirlər. Yenə inanmaq istərdik ki, gələcəkdə olimpiadalarda qızıl medallar da qazanılacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »