ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti hava zərbələri dalğasının başa çatdığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Mərkəzi Komandanlığın "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat ABŞ-ın şərq sahili vaxtı ilə iyulun 13-də saat 22:15-də (iyulun 14-də saat 06:15) yekunlaşıb. Bildirilir ki, hərbi əməliyyat ümumilikdə təxminən beş saat davam edib.
Komandanlığın bəyanatında qeyd olunur ki, əməliyyat zamanı ABŞ Silahlı Qüvvələri İran ərazisində yerləşən hərbi obyektlərə dəqiq zərbələr endirib və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. Bununla belə, hədəfə alınan obyektlərin xarakteri, əməliyyatda hansı silah və vasitələrdən istifadə olunduğu, eləcə də zərbələrin nəticələri barədə əlavə məlumat açıqlanmayıb.
Mərkəzi Komandanlığın məlumatına əsasən, hücumlar İranın cənubunda və Fars körfəzi ilə Oman körfəzi sahillərində yerləşən Buşehr, Cask, Kənərək, Bəndər-Abbas və Çabahar şəhərlərinə, həmçinin strateji əhəmiyyətə malik Əbu Musa adasına endirilib.
Hələlik İran rəsmiləri ABŞ-ın bu açıqlamasına münasibət bildirməyiblər. Zərbələr nəticəsində dağıntılar və ya itkilərlə bağlı rəsmi məlumat da yayılmayıb.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında hərbi gərginlik yenidən artıb. Vaşinqton İranın hərbi infrastrukturuna qarşı silsilə əməliyyatlar həyata keçirdiyini açıqlayır. ABŞ tərəfi bu zərbələrin bölgədəki təhlükəsizlik maraqlarının qorunmasına xidmət etdiyini bildirsə də, Tehran daha əvvəl ölkə ərazisinə yönələn hücumlara cavab veriləcəyini bəyan edib.
Qadir, Bizimyol.info






