Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana turist səfərləri niyə azalıb: səbəblərdən biri quru sərhədlərdir...
Azərbaycana turist səfərləri niyə azalıb: səbəblərdən biri quru sərhədlərdir...

Pandemiyadan əvvəl Azərbaycana ərəb ölkələrindən böyük axın var idi. Birləşmiş Ərəb Əmirliklərindən, İraqdan, Omandan, Küveytdən gəlib Bakıda, Qəbələdə, başqa şəhərlərdə dincəlirdilər. Paytaxtın Nizami küçəsində ərəb ölkələrindən təşrif buyurmuş turistlərin bolluğu diqqət çəkirdi. Əlbəttə, onlar yenə gəlirlər. Amma əvvəlki kimi axın yoxdur.

Bizimyol.info xəbər verir ki, Azərbaycana turist səfərləri azalıb. Bizim ölkə pandemiyadan əvvəl ölkəyə gələn əcnəbilərin təxminən üçdə birini itirib. Azalma 34 faiz civarındadır. Məsələn, 2019-cu ilin ilk yarısında turistlərin sayı 1,4 milyon nəfəri keçmişdi. Bu ilin birinci yarısında ölkəyə 919 min əcnəbi gəlib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev iddia edir ki, azalma olmayıb. Amma statistika göz qabağındadır. İndi Azərbaycana daha az turist gəlir. Ölkəyə gələnlərin sayının azalmasında bir neçə amil vacib rol oynayır. Hər şeydən əvvəl quru sərhədlərin bağlı olması ciddi anlamda özünü göstərir. Turistlər heç də həmişə hava yolunu seçmirlər. Qatarla, avtobusla ölkəyə gələnlər vardı. Quru sərhədlərin bağlanması həm də təyyarə bileti qiymətlərinin yüksək olmasına xidmət edir. Əcnəbilər biletə 1000 manatdan artıq xərcləyərək Azərbaycana gəlmək istəmirlər. Məsələn, indi Amsterdamdan Milana 19 avroya bilet tapmaq mümkündür. AZAL-ın illərdir davam edən özbaşınalığı turizmə böyük zərbə vurur. Daha bir amil xidmət sektorunun səviyyəsinin yüksək olmamasıdır. Bu mənada Türkiyəni nümunə götürmək olar. Azərbaycanda oliqarxlar, lap sadə sahibkarlar da az xidmətlə çox qazanmağa çalışırlar. Buna görə də Türkiyə və Gürcüstana axın böyükdür. Ərəb dövlətlərinin vətəndaşları bizim başqa qonşu ölkələrə üstünlük verirlər. Turist sayının azalmasını istəmiriksə, hər şeydən əvvəl quru sərhədləri açmaq lazımdır.

Yaxın vaxtlarda AZAL-da rəhbər dəyişikliyi olub. Bilet qiymətləri mütləq aşağı salınmalıdır. Xəbər var ki, bir çox loukosterlərin fəaliyyətinə imkan veriləcək. Bu da çox vacib addım olardı. İndi ölkə iqtisadiyyatının əcnəbi turistlərə çox ehtiyacı var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »