İrəlidə Bakı Metropolitenini ağır sınaq gözləyir. Yeni tədris ili başlayır. Yenə metronun üzərinə böyük yük düşəcək. Özü də daşınması mümkün görünməyən yük. Şagirdlərin, tələbələrin yeni dərs ilinə başlaması eybəcər mənzərə yaradır. Səhər və günorta saatlarında platformalarda tərpənməyə imkan olmur. İnsanlar ünvana çatmaq üçün çox əziyyət çəkir, neçə qatar dəyişmək məcburiyyətində qalır. Metroda inanılmaz sıxlıq sərnişinlərə ictimai nəqliyyatdan istifadəni əsl məşəqqətə çevirir.
Bizimyol.info xəbər verir ki, Bakı Metropoliteninin 27 stansiyası var. Qeyri-rəsmi mənbələr paytaxt əhalisinin 5 milyon nəfər civarında olduğunu iddia edir. Burada həqiqət payı az deyil. Əhalinin istifadə etdiyi elektrik enerjisinin 52 faizi paytaxt sakinlərinin payına düşür. Deməli, ölkə əhalisinin yarıdan çoxu və ya yarıya çox yaxın hissəsi Bakıda yaşayır. Bunun nəzərə alsaq, deməli, Bakı Metropoliteninin stansiyalarının sayı çox azdır.
Başqa şəhərlərlə müqayisə apara bilərik. Məsələn, Kiyev Metropoliteninin 52 stansiyası var. Daha 2 stansiyanın açılışına müharibə mane oldu. Halbuki Ukrayna paytaxtının əhalisinin sayı Bakıya nisbətən təxminən iki dəfə azdır. Ən azı müharibəyə qədər belə idi. Minsk Metropoliteninin gündəlik sərnişin daşınması yükü də Bakı ilə müqayisə oluna bilməz. Şəhər nəqliyyatı çox gərgin olmur. Minsk metrosu böyük yük daşımaq məcburiyyətində qalımır. Amma metropolitenini 33 stansiyası var. Biz infrastrukturuna görə Bakıya yaxın yerlərlə müqayisə apardıq. Məsələn, Paris metrosunun adını çəkmədik. Orada bu nəqliyyat növü xeyli çevik fəaliyyət göstərir. Qatar bir stansiyadan digərinə təxminən 1 dəqiqəyə gedir. Bakıda isə bəzi stansiyalar arasında 4 dəqiqə vaxt itirmək lazım gəlir. Parisin hətta şəhər ətrafında da metro stansiyaları var. Az qala hər yerə bu nəqliyyat növünün köməyi ilə getmək olur. Metro hətta Şarl de Qoll hava limanına yetişməyə də kömək edir.
Hələ 12 il əvvəl bildirilirdi ki, 2015-ci ilə qədər Bakıda daha 6 stansiyanın açılışı olacaq. Həmin müddətdə heç bir stansiyanın açılışı baş tutmayıb. Sonradan “Avtovağzal”, “Memar Əcəmi-2” və “Xocəsən” istifadəyə verilib. Sonuncunun yalnız keçən il fəaliyyətə başladığını xüsusi qeyd edək. Bakıda metro stansiyalarının sayının artırılması prosesi çox ləng gedir. Bu qədər insanın yaşadığı şəhər üçün 27 stansiya çox azdır. Həmişə əks arqument kimi deyirlər ki, metro çox bahalı layihədir. Halbuki infrastrukturun yaxşılaşdırılmasına heç bir xidmət göstərməyən nə qədər bahalı layihələr görürük.
Şəhər nəqliyyatı can verir. Tramvay, trolleybus kimiu alternativ nəqliyyat növləri sıradan çıxarılıb. Metropolitenini isə bütün stansiyaları praktik deyil. “Bakmil”, “Memar Əcəmi-2” buna nümunədir. “Xətai” və “Cəfər Cabbarlı”da qatarı xeyli gözləmək lazım gəlir. Bu şərtlərlə şəhər nəqliyyatı qənaətbəxş şəkildə işləyə bilməz. Həmişə tıxaclardan gileylənirik. Bakıda nə vaxt yaxşı ictimai nəqliyyat gördük ki, insanlar da avtomobil almağın vacib olmadığı qənaətinə gəldi? İnsanlar dərsə, işə getməyin müxtəlif yolları barədə baş sındırır. Bütün hallarda əsas yük metronun üzərinə düşür. Metropoliten isə az stansiya sayı ilə böyük yükü çəkə bilmir.
Vəd verilirsə, mütləq əməl olunmalıdır. Bakıda metro stansiyalarının sayı sürətlə artırılmalıdır.
Aytən, Bizimyol.info






