Azad istehlakçılar Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov Bizimyol.info-nun suallarını cavablandırıb:
"Azərbaycanda qədim dövrdən əkilən 8 növə qədər qarpızın kökü kəsilib. İndi ölkəmizdə sadəcə "amerikanka" deyilən bir növ qarpız yetişir. İllərdir ki, ölkəmizdə bu sort qarpız əkilir və xaricdən gələn sortlar da bunlardır. Qarpız yetişdiriciliyi ilə məşğul olan əkinçilər bu qarpızın toxumunu torpağa əkdikdə, ya cücərti vermir,ya da bu, ağ rəngdə olur. Beləliklə, əkinçi məcbur qalır ki, hər il yeni qarpız toxumu alsın. Sanki, toxum sənayesi yalnız bir adamın əlində birləşib. Bu adam isə Amerikadadır. Həmin adam qarpız toxumunun bir kiloqramından 3 min manata yaxın pul qazanır. Ona görə də, Azad İstehlakçılar Birliyi neçə illərdir Azərbaycanda əkilən bu məhsulları geni dəyişdirilmiş qarpızlar hesab edir. Baxmayaraq ki, AQTA və digər GMO lobbiçiliyi aparan şəxslər deyirlər ki, "xeyr, Azad İstehlakçılar Birliyi səhvdir, hansı məhsulların geni dəyişdirilibsə, onların bizdə siyahısı var". Ancaq bu, tamamilə yalandır. Çünki geni dəyişdirilmiş məhsulların siyahısının bir qismi bütün dünyada gizli saxlanılır və Azərbaycan laboratoriyaları balıq kimi susurlar. Hətta iş o yerə gəlib ki, ölkəmizdə tumu olmayan qarpızlar da satılır. Təbiət bütün canlıları, bitkilər aləmini elə yaradıb ki, o, öz toxumundan bar verir, beləliklə həmin nəsil mövcudluğunu qoruyur. Yəni, Azərbaycanda hal-hazırda əkilən, satılan qarpızları biz geninə müdaxilə olunmuş məhsul hesab edirik. Bu haqda laboratoriyalarımız öz sözlərini deməlidirlər, lakin çox təəssüflər olsun ki, GMO-nun lobbiçiliyini aparan qruplar, o cümlədən dövlət səviyyəsində vəzifəli şəxslər var.
Baxmayaraq ki, cənab prezidentin ölkəyə GMO toxumlarının gətirilməməsi ilə bağlı çox ciddi qərarları var, lakin buna lazımi səviyyədə əməl olunmur. Biz onu qeyd edə bilərik ki, Azad İstehlakçılar Birliyində olan sadə cihazla hər il qarpızların tərkibindəki nitratların miqdarını ölçürük. O cümlədən, il boyu, hətta mövsüm vaxtı da məhsulun tərkibində nitratlar normadan çox olur. çünki qarpız elə bir bitki növüdür ki, hətta yerdə olan nitratları da özünə çəkə bilir. Məsələn, yoncanın yerində növbəti il qarpız əkilsə, o, yoncadan qalan nitratları özünə çəkəcək. Kənd təsərrüfatı ilə məşğul olan şəxslər qarpız yetişdirmək üçün məhsula mümkün qədər çox gübrə verirlər ki, məhsuldarlıq çox olsun. Gübrədə maksimum hədd, 1 kq başına 60 milliqram olmalıdır. Söhbət nitratlardan gedir. Həmin nitrat gübrələr insanların zəhərlənməsində mühüm rol oynayır. Bizim apardığımız yoxlamalar göstərir ki, ilboyu qarpızların tərkibindəki nitrat miqdarı 250-300 milliqrama çatır.
Əhali bilməlidir ki, ölkəmizdə tərkibi az və çox nitratlı olan qarpızlar mövcuddur. Əvvəllər mövcud olan qarpız növlərini tapmaq indi çox çətindir. Mən hər il bu növ qarpızları axtarıram.
Nitrat tərkibi çox olanq qarpızlar böyük olur, az olanlar isə kiçik həcmlərdə olurlar, çəkiləri 5-6 kiloqramdan artıq olmur. Nitrat tərkibi çox olan qarpızların qabığının qalınlığı 1.5 sm, tərkibi az olanların qabğının qalınlığı isə yarım sm-dən artıq olmur. Bu tərkibli qarpızları kəsdikdə, rənginin çəhrayı olması ilə özünü bildirir. Az tərkiblilər isə al-qırmızı rəngdə olur. Dərmanlı (nitratlı) qarpızları kəsdikdə, həmin çəhrayı hissələrdən qalın, ağ rəngli zoğlar, "damar"lar çıxır. Nitratı az olanlarda isə bu zoğlar çox nazik olur. Nitratlı qarpızlar həddindən çox şəkərli, az nitratlılar isə az şəkərli olurlar. Nitratı az olan qarpızlara bıçaq vuran kimi partlayır, çox olanlar isə belə olmur.
Xülasə, vizual olaraq bu məsələlərə fikir vermək lazımdır. Bəzən sual verirlər ki, qarpız kəsilib günəş qarşısına qoyulanda və ya soyuducuda saxlanılanda nə olar? Əgər kəsilməyibsə, günəş qabağında qalıbsa, daha da yetişir və heç bir problem olmur. Onu kəsib, soyuducuda saxlamaq olar, bir şərtlə ki, həddindən artıq tükədilməsin. Beləliklə, zəhərlənmə ehtimalı azalar. Çünki zəhərlənmə həddi 1 kq başına 360 milliqram nitratdır. Əgər bir kq qarpız yeyilərsə və onun da tərkibində 360 milliqram nitrat olarsa, artıq həmin şəxs zəhərlənə bilər. Hesab etsinlər ki, bir kq qarpızda 200 mq nitrat var, beləliklə, 1 kq-dan az qarpız tükətməyə üstünlük versinlər. Yəni sutkalıq doza keçirilməsin.
Təəssüflər olsun ki, bu problem öz həllini əmtəə bazarında tapa bilmir. Ölkəmizdə az öncə də qeyd etdiyim kimi, nitratlı qarpızlar mövcuddur və xaricdən gələnlərdə də var. Ona görə də, keçmiş yerli qarpız növlərinə keçid üçün çağırış edirəm. İritumlu qarpızlar əkilməlidir, ölkəmizin ənənəvi qarpız növləri yox olmamalıdır. 6-7 növ qarpızın heç biri indi yoxdur,hamısı məhv olub, ona görə də bu amillərə fikir verilməlidir. Bütün hallarda şübhəli qarpız gördükdə, AQTA-nın 1003 nömrəli qaynar xəttinə məlumat verməyi məsləhət görürəm" - deyə, ekspert Eyyub Hüseynov qeyd edib.
Mətin Şükürlü, Bizimyol.info






