“Laçın yolunda Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılması, bizim ilk öncə halal haqqımızdır. Öz ərazimizdir, öz torpaqlarımızdır və özümüz müstəqil dövlət kimi cənab prezidentin əmri ilə, bu məsələni biz yekunlaşdırdıq. Biz nə etməli idik? Yenə də bir 30 il gözləməliydik ki, erməni separatçıları, faşistləri, vandalları yenə də azərbaycanlıları qırsınlar, yenə də minaları gətirsinlər, yenə də terror aktlarına şərait yaradılsın? Bu məsələyə son qoyulmalı idi və qoyuldu”…
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Rüfət Quliyev danışıb. Deputatın fikrincə, hələ ölkə başçısı bu məsələyə böyük səbrlə, siyasi gedişlə münasibət bildirib.
Rüfət Quliyev“Biz bütün addımlarımızı beynəlxalq qanunlar çərçivəsində atmışıq. Nə beynəlxalq qaydaları pozmuşuq, nə də üçtərəfli bəyanatın tələblərinə qarşı çıxmamışıq. Biz addımlarımızı qanunlar çərçivəsində atırıq və son nöqtəyə qədər bunu həyata keçirəcəyik”-deyə deputat əlavə edib. O, hesab edir ki, proseslərə müdaxilə etməyə çalışan ölkələr, öncə öz problemlərini həll etməklə məşğul olsalar, daha yaxşı olar.
“Fransada müəyyən proseslər gedir. Milyonlarla insan etirazlarını bildirirlər. Küçələrə çıxırlar. Onların qarşısını polis və hərbi güclə alırlar. Və yaxud Amerikada, Meksikayla əlaqədər sərhəddə qurulan divar… Bəs o nə deməkdir? Amerikanın özündə gedən proseslər nəyi göstərir? Bu günə qədər etnik problemləri tam həll edə bilməyiblər. İstənilən filmdə, son 2 ildə bütün filmlərin qəhramanları afro-amerkanlardır. Bununla göstərmək istəyirlər ki, bütün milli-etnik məsələlər, hamısı tam formada həll olunub”-deyə deputat əlavə edib.
Rüfət Quliyev bildirib ki, Azərbaycanın bütün ölkələrə hörməti var. Ermənistan isə, bir ölkə kimi başa düşməlidir ki, artıq onların dözülməz hərəkətlərinə heç kim imkan yaratmayacaq. Azərbaycan bunun qarşısını alıb alacaq. Azərbaycan istədiyinə nail olacaq. Heç kimə Azərbaycanın suveren hüquqlarına müdaxilə etməyə izin verilməyəcək.
“Hər kəsə, hər bir ölkəyə biz bəyan etmişik ki, “ilk öncə öz işlərinizlə məşğul olun, öz problemlərinizi həll edin”… Azərbaycan öz problemlərini özü həll edir”,- deyən Rüfət Quliyev bildirib ki, bu zaman qədər çox gözləmişik. Bundan çox gözləməyə səbrimiz qalmamışdı. Bu səbəbdən də, biz bu addımı atdıq. Ermənistanda revanşist qüvvələr, Qarabağda separatçılar başa düşürlər ki, bu onların oyunlarının sonudur.
“Nə qədər tez Azərbaycanla sülh müqaviləsi imzalasalar və Azərbaycanın 5 şərtini qəbul etsələr, delimitasiya və demarkasiya prosesləri getsə, o qədər tez regionda sülh bərqərar olacaq. Bura bizim torpaqlarımızdır və biz öz ərazilərimizdə istənilən addımı atacağıq. Bu, bizim halal haqqımızdır”-deyə deputat vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






