"OPEC+" qrupunun ABŞ-a baxmayaraq hasilatı 5 ay ərzində iki dəfə azaltmaq qərarı və ticarətə milli valyutalarla başlayan ölkələrin sayının artması neft-dollar sistemini darmadağın edir.
ABŞ Maliyyə Nazirliyinin keçmiş müşaviri Monika Krouli bu təhlükəyə diqqət çəkir: “Əgər Səudiyyə Ərəbistanı kimi OPEC ölkələri nefti başqa valyutalarda satmağa qərar versələr, bu, ABŞ-ın iqtisadi sisteminin çökməsi və böyük fəlakət demək olardı”.
Çünki milli gəlirinin 125 faizinə yüksələn ABŞ-ın borclarının problem olmaması və bunun ardınca da iqtisadiyyatı canlandırmaq üçün davamlı olaraq yeni borclar tapa bilməsinin səbəbi qlobal ticarətdə dollar monopoliyasıdır. Nə qədər ki, dollar monopoliyası var, ABŞ istədiyi qədər pul çap edə biləcək, aldığı və alacağı borclar kağız-boya qədər olacaq. Amma dolların xaricə axını artdıqca dolların qlobal gücü yox olacaq və ABŞ özünün iqtisadi çıxılmaz vəziyyəti ilə üzləşəcək.
Çin-Fransa ticarətində "Yuan"a keçid
Ölkələrin milli valyutalarla ticarətə meylliliyi xüsusilə son bir ildə daha da artıb. Təbii ki, bunun pandemiyanın təsir etdiyi qlobal iqtisadiyyatdan tutmuş Ukrayna böhranına qədər bir çox səbəbi var. Dollarizasiya prosesi ilə bağlı ən son hadisələr isə aşağıdakılardır:
Çin Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) idxal etdiyi 65 min ton LNG-ni (mayeləşdirilmiş təbii qaz) Fransanın "Total Energies" şirkətindən alıb. Bu ticarəti əvvəlkilərdən fərqləndirən, ilk dəfə Çin valyutası “Yuan” ilə edilməsi idi. Fransa şirkətinin Çinə satılan LNG ekvivalentini dollar və ya avro əvəzinə yuanla alması çox əhəmiyyətli bir başlanğıcdır.
Əslində Səudiyyə Ərəbistanının Çinə satdığı neftin müqabilində yuan almaq üçün danışıqlar apardığı məlumdur. 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanına səfəri zamanı Çin prezidenti Si Cinpinq Körfəz ölkələrini Şanxay Fond Birjasında neft və qazı yuanda qiymətləməyə çağırıb. Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cədan da ölkəsinin ABŞ dollarından başqa valyutalarla ticarətə açıq olduğunu açıqlayıb.
BRİKS-in ümumi valyuta gündəmi
Qlobal iqtisadiyyatın 25 faizini təşkil edən BRİKS ölkələrinin bir müddətdir ki, öz aralarında ticarətdə qeyri-dollar valyutasına keçməyə başladığı qeyd olunurdu. Çinin Rusiya ilə, Rusiyanın Hindistanla bu istiqamətdə qərar və təcrübələri məlumdur. Braziliyanın qəbul etdiyi yeni qərar isə Çinlə ticarətini dollardan yuana köçürməkdir. İki ölkənin illik ticarət dövriyyəsinin 150 milyard dollar olduğunu nəzərə alsaq, bu qərarın neft dollar sisteminə təsirini daha yaxşı anlamaq olar.
Bu arada onu da qeyd edək ki, yuan Braziliya Mərkəzi Bankının ehtiyatlarında bahalaşaraq avronu keçərək ikinci pilləyə yüksəlib. (Hətta İsrail Mərkəzi Bankı ehtiyatlarının 2,5 faizini yuana çevirib - red)
Təkcə BRİKS ölkələri deyil, ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölkələri də öz aralarında ticarətdə qeyri-dollar valyutalarından istifadə edirlər. İndoneziya, Malayziya, Sinqapur, Filippin və Tailand öz aralarında milli valyutaları ilə ticarət etmək qərarına gəliblər.
BRİKS növbəti avqust sammitində ümumi valyutanı müzakirə edəcək. Malayziyanın baş naziri Ənvər İbrahim Çin prezidenti Si Cinpinə “Asiya pul fondu” yaratmağı təklif edib. Bir sözlə, dollardan çıxmaq tendensiyası getdikcə sürətlənir.
Mətin Şükürlü, Bizimyol.info






