Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyalılar Türkiyədən vətəninə qayıdır: "Ağrı bizi burada da tapdı"
Suriyalılar Türkiyədən vətəninə qayıdır: "Ağrı bizi burada da tapdı"

Zəlzələ Türkiyədə yaşayan suriyalılara da az zərər vurmayıb. Onların məskunlaşdığı yerlər də dağılıb. Azı 2 min suriyalının həyatını itirməsi dəqiqləşib. Hələ dağıntılar altından çıxarılmayanlar var. Suriyalılar Türkiyədən vətəninə qayıtmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, qonşu ölkədən gəlmələrin Türkiyəni sürətlə tərk etməsi müşahidə olunur. Son iki həftə ərzində 18 min 700 suriyalı sərhədi keçərək vətəninə üz tutub. Həlak olanların cənazələrinin əksəri də Suriyaya aparılıb. Gedənlərin sayının dəfələrlə çox olacağı gözlənilir.

Cilvegözü sərhəd-keçid məntəqəsindən iki uşağı ilə ölkəsinə qayıdan Aya Mustafa çox çətin vəziyyətə qaldıqlarını bildirir. Qadın daha Türkiyəyə gəlməyəcəyini deyir. Burada hər şeyini itirib. Amma Suriyada da onu yaxşı həyat gözləmir.

“Ölkəmizdə müharibə var. Qorxduğumuz üçün Türkiyəyə gəldik. Vətəndə ölmək istəmədik. Zəlzələdən sonra biz burada daha çox qorxuruq, müharibədən də pisdir”.

Həyat yoldaşı və üç uşağı ilə Suriyaya qayıdan Haven də təxminən eyni ovqatdadır. Müharibədən qaçaraq Türkiyəyə gəlmək yaxşı heç nə gətirməyib.

“Övladlarımın orada ölməsini istəmədim. Ağrı və faciə bizi burada da tapdı. Çoxlu qohumlarım zəlzələdə həlak oldu. Ölüm qorxusu indi hər yerdədir. Mən ölkəmə qayıdıram, Türkiyəni çox sevirəm, çox sağ olun. Əlvida, Türkiyə!”

Hatayın Reyhanlı ilçəsində yerləşən Cilvegözü sərhəd-keçid məntəqəsində uzun növbə yaranıb. Sanki suriyalıların hamısı Türkiyəni tərk etməyə çalışırlar. Onlar böyük yüklə getdiklərindən, durum bir az da ağırlaşıb. Hətta həlak olan yaxının cənazəsini aparanlar da var.

Cilvegözü sərhəd-keçid məntəqəsindəki mənzərə göstərir ki, Suriyaya gedən hələ çox olacaq. Hərçənd bu ölkə də fevralda zəlzələ yaşayıb. Suriyada dağıntılar altında qalanların xeyli az hissəsi xilas edilib. Orada təşkilati işlər Türkiyədən daha pis qurulub. Buna baxmayaraq, suriyalılar qonşu ölkəni tərk etmək fikrini daha doğru sayırlar.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »