Türkiyədə zəlzələ olmuş ərazilərə müxtəlif ölkə və şəhərlərdən yardımlar göndərilir.
Azərbaycandan göndərilən paltar, yemək və ədyal kimi materialların olduğu yük maşını Malatyaya çatıb.
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəhərdəki bir məktəbin anbarında yerləşdirilən və çeşidlənən materiallarda emosional qeydlər, vafli, məktublar və pullar aşkar edilib.
Paltarlardan birinin üzərinə əlavə edilən qeyddə "Salam uşaqlar, mənim adım Reyhandır. Mən Azərbaycan qızıyam. Ümid edirəm ki, evə qayıdacaqsınız. Allah sizi qorusun" sözləri yazılıb.
Başqa bir yardım materialında isə "Allah yar olsun və kömək olsun. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirik. Canımızla, qanımızla yanındayıq Türkiyəm" yazılı qeyd tapılıb.
Digər xeyriyyəçi qeydində hisslərini belə bölüşüb:
"Tez sağalın, Azərbaycan olaraq ürəyimiz sizinlədir. Qardaşlarımız, Allah sizi qorusun. Biz sizinləyik, dualarımızdasınız"…
Göndərilən yun çəkmələrə əlavə edilən qeyddə isə deyilir: “Göndərdiklərim təmizdir, cehizimdəndir”.
Məktubları oxuyanda duyğulanmamaq mümkün deyil…
Malatya Milli Təhsil İdarəsinin Müdiri Hatice Özdemir Anadolu Agentliyinin müxbirinə açıqlamasında zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət dilədiyini bildirib.
Zəlzələ ilə əlaqədar dəstək olan və kömək təklif edən hər kəsə təşəkkür etdiklərini bildirən Özdemir Azərbaycandan göndərilən məktubların onları kədərləndirdiyini və duyğulandırdığını dilə gətirib.
“Bilirik ki, Azərbaycan bizim qardaşımızdır. İnsanlar cehizindəki əşyaları göndərib. Kiçik uşaqlar konfetlər göndərirlər. Bu böyük bir işdir. Fəlakətdir, amma Türkiyə Cümhuriyyəti olaraq bu birlik və gücümüzlə bunun da öhdəsindən gələcəyik",- deyə o bildirib.
İlahin, Bizimyol.info






