Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ABŞ asılılığını azaltmağa çalışır: məqsəd nədir?
İsrail ABŞ asılılığını azaltmağa çalışır: məqsəd nədir?

Benyamin Netanyahunun açıqlaması göstərir ki, İsrail uzunmüddətli perspektivdə ABŞ-dən hərbi asılılığını azaltmağa və müdafiə sənayesində daha böyük müstəqillik əldə etməyə çalışır.

Müdafiə büdcəsinin əhəmiyyətli dərəcədə artırılması da Tel-Əvivin regional təhlükəsizlik risklərini nəzərə alaraq hərbi potensialını gücləndirmək niyyətindən xəbər verir. Bununla belə, ABŞ ilə sıx hərbi-strateji əməkdaşlığın tamamilə əvəz olunmasının nə dərəcədə mümkün olduğu hələ də müzakirə mövzusudur.

  • İsrailin hərbi istehsalda daha müstəqil olmağa çalışması ABŞ-İsrail strateji tərəfdaşlığını zəiflədə bilərmi, yoxsa bu addım iki ölkə arasındakı münasibətləri yeni mərhələyə daşıyacaq?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrailin hərbi istehsalda müstəqilliyini artırmaq və ABŞ-dən gələn birbaşa hərbi qrant asılılığını azaltmaq cəhdləri iki ölkə arasındakı strateji tərəfdaşlığın zəifləməsindən daha çox, bu münasibətlərin institusional xarakterinin dəyişməsindən xəbər verir.

Onun sözlərinə görə, mövcud tendensiyalar göstərir ki, tərəflər ənənəvi "yardım alan–yardım edən" modelindən daha bərabərhüquqlu və qarşılıqlı inteqrasiyaya əsaslanan hərbi-sənaye tərəfdaşlığı mərhələsinə keçməyə çalışırlar. Bu baxımdan Tel-Əvivin müdafiə müstəqilliyini gücləndirməyə yönəlmiş addımları Vaşinqtonla əlaqələrin zəifləməsi və ya qırılması deyil, strateji ittifaqın yeni formata uyğunlaşması kimi qiymətləndirilməlidir.

Politoloq qeyd edib ki, bu keçidi şərtləndirən əsas amillər həm ABŞ-ın, həm də İsrailin daxili və xarici siyasətində baş verən dəyişikliklərdir:

“İsrail rəhbərliyi qlobal logistik zəncirlərdə müşahidə olunan qeyri-sabitliyi, ABŞ daxili siyasətində silah tədarükü ilə bağlı vaxtaşırı yaranan məhdudiyyətləri və regionda İrana qarşı uzunmüddətli mübarizə faktorunu nəzərə alaraq strateji sursat istehsalında tam muxtariyyət əldə etməyi milli təhlükəsizlik prioriteti hesab edir.

O biri tərəfdən, ABŞ-da da İsrailə ayrılan xarici hərbi maliyyə qrantlarının mərhələli şəkildə azaldılması və onların yerini Pentaqonun birbaşa satınalma proqramları, müştərək tədqiqat layihələri və birgə istehsal mexanizmlərinin tutması ideyası dəstək qazanır. Yəni birbaşa maliyyə yardımları azalsa da, iki ölkənin hərbi-texnoloji şirkətləri arasında inteqrasiya daha da dərinləşir”, – deyə Tural İsmayılov vurğulayıb.

Bununla belə, ekspert hesab edir ki, İsrailin müdafiə sənayesində tam daxili müstəqilliyə nail olması və ABŞ-ı tamamilə əvəz etməsi yaxın və orta müddətli perspektivdə real görünmür.

Onun fikrincə, hərbi büdcənin əhəmiyyətli dərəcədə artırılmasına baxmayaraq, İsrail ordusunun strateji hava qüvvələri, uzaqmənzilli yanacaqdoldurma təyyarələri və raketdən müdafiə sistemlərinin mürəkkəb komponentləri baxımından ABŞ-ın istehsal potensialına və texnologiyalarına fundamental ehtiyacı qalmaqdadır. Eyni zamanda, müdafiə xərclərinin artması fonunda İsrail iqtisadiyyatında yaranan büdcə kəsiri və resurs məhdudiyyətləri Tel-Əvivin hərbi sahədə tam özünütəminetmə siyasəti həyata keçirməsini çətinləşdirir.

Tural İsmayılovun qənaətincə, bu proses ABŞ–İsrail strateji ittifaqını zəiflətməyəcək, əksinə, onu daha dayanıqlı və qarşılıqlı tərəfdaşlıq müstəvisinə daşıyacaq:

“ABŞ üçün bu tendensiya regional müttəfiqinin təhlükəsizlik yükünün müəyyən hissəsini öz üzərinə götürməsi baxımından faydalıdır. İsrail üçün isə bu, xarici təzyiqlərdən daha az asılı olan, çevik və suveren hərbi qərarvermə mexanizminin formalaşması deməkdir.

İki ölkə arasındakı münasibətlər siyasi ritorikalardan asılı olmayaraq, dərin institusional, kəşfiyyat və hərbi inteqrasiya səviyyəsində qorunub saxlanılır”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »