Türkiyənin tanınmış müğənnisi Yıldız Tilbe vəsiyyətini açıqlayıb. O, öləndən sonra dəfninə siyasətçilərin buraxılmasını istəmədiyini yazıb. Yıldız Tilbe yaxınlarının bu məsələyə həssas yanaşmasını istəyib. Müğənni yazdıqlarından vəsiyyətnaməsinin tam hazır olduğu anlaşılır. Yıldız Tilbe yalnız vəkillə müzakirəyə ehtiyac olduğunu qeyd edib.
Bizimyol.info xəbər verir ki, Türkiyənin tanınmış müğənni-bəstəkarı vəsiyyətini açıqlamaqla siyasət adamlarından incik olduğunu göstərib. Estrada ulduzu xüsusilə ölkədəki son hadisələrə görə onlara güvənmədiyini açıq nümayiş etdirir. Zəlzələnin məmur məsuliyyətsizliyinə görə onminlərlə can alması Yıldız Tilbeni çox sarsıdıb. Müğənni buna özünəməxsus şəkildə reaksiya ortaya qoyub. O, sosial media hesabında yazıb.
“Allah hamınıza sağlam uzun ömür versin. Burada yazdığımı vəsiyyətnamə kimi vəkilimə də təqdim edəcəyəm. Mən öləndə dəfnimə siyasətçilər gəlməsin. Gələni daşlayın. Getmək istəməyəni məzardan qalxıb özümlə apararam. Heç birinin gəlməsini istəmirəm”.
Yıldız Tilbe sosial mediadan fəal istifadə edir. O, bunun üçün xüsisi işçi tutmur. Müğənni bütün postlarını özü yazır, məktublara cavab verir. Yıldız Tilbenin sosial mediada qalmaqallı açıqlamaları da az olmayıb.
Yıldız Tilbe 1966-cı ildə İzmir şəhərində doğulub. Ailədəki 6 uşaqdan ən kiçiyi olub. Uşaqlıqda onu “Yadigar” deyə çağırıblar.
Yıldız Tilbe ağır həyat keçirib. Bir çox gecə klublarında işləmək məcburiyyətində qalıb. Narkotik istifadəçisi olub, buna görə cinayət məsuliyyətinə cəlb edilib. Vokalist kimi işləməyi çox köməyinə gəlib. Hətta Sezen Aksunun da vokalisti olub.
Tanınmış müğənni heç vaxt konkret siyasi mənsubiyyət ortaya qoymayıb. Ayrı-ayrı epizodlarda insanların sosial problemlərini, qayğılarını dilə gətirib. Yıldız Tilbenin siyasətçilərlə hər hansı insident yaşaması da müşahidə olunmayıb. O, bir çox musiqi mükafatlarına layiq görülüb. Bir bədii filmdə, bir serialda çəkilib. 2017-18-ci illərdə “O səs Türkiyə” musiqi yarışmasının münsiflər heyətində yer alıb.
Aytən, Bizimyol.info






