Türkiyə mediası günlərdir ki, ölkədə prezident və parlament seçkilərinin mümkün təxirə salınması ilə bağlı məlumatlar yayır.
Bizimyol.info xəbər verir ki, "Hürriyet" qəzeti isə etibarlı mənbələrə istinadən yazır ki, Türkiyənin hakim partiyası ümumi seçkilər üçün müxtəlif variantları nəzərdən keçirir, lakin onları təxirə salmaq niyyəti və ya qərarı yoxdur.
"Ədalət və İnkişaf Partiyasında (AK Parti) bütün variantlar nəzərdən keçirilir, lakin hələlik seçkilərin təxirə salınması ilə bağlı hər hansı qərar və ya niyyət yoxdur. Demək olar ki, prezident Ərdoğan seçkilərin mayın 14-də keçirilməsinin tərəfdarıdır. İddia olunur ki, prezident Ərdoğanın seçkilərlə bağlı heç bir narahatlığı yoxdur”, - deyə məqalə müəllifi Hande Fırat yazır.
Məlumat üçün bildirək ki, bundan əvvəl Türkiyə mətbuatı ölkədə ümumi seçkilərin altı aydan bir ilə kimi təxirə salına biləcəyini, Ali Seçki Komissiyasının müvafiq təşəbbüslə çıxış edəcəyini yazıb.
Xatırladaq ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Türkiyədə ümumi (həm prezident, həm də parlament) seçkilərinin iyunun 18-nə, sonra isə mayın 14-nə təyin edildiyini bildirmişdi. Türkiyə lideri bildirib ki, hökumət parlamentə ikinci tarixin qəbulunu təklif edəcək, imtina edildiyi halda isə o, prezidentin səlahiyyətlərindən istifadə edəcək - bunlar isə parlamenti buraxmaq və fərmandan 60 gün sonra növbədənkənar seçkilər təyin etmək üçün kifayətdir. Ərdoğan Respublika İttifaqından namizəd olacaq.
Onu da əlvə edək ki, altı müxalifət partiyasının koalisiyası hələ ki, namizədini açıqlamayıb.
Leyla Mirzə






