Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin "üzən qala"sı xidmətə başlayır: Hansı özəlliklərə malikdir...
Türkiyənin "üzən qala"sı xidmətə başlayır: Hansı özəlliklərə malikdir...
Türkiyənin ən böyük döyüş,  dünyanın isə ilk PUA gəmisi olan “TCG Anadolu”-nun 2023-cü ildə xidmətə başlaması gözlənilir.

Bizimyol.info Türkiyə donanmasının flaqmanı olacaq “TCG Anadolu”-nun bütün xüsusiyyətləri barədə araşdırmalarını oxucuları ilə bölüşür.

Müdafiə Sənayesi Nazirliyinin koordinasiyasında Türkiyə Silahlı Qüvvələrinin donanmasının ən böyük döyüş gəmisi olacaq “TCG Anadolu”-nun inşaatına 30 aprel 2016-cı il tarixində prezident Ərdoğanın da iştirak etdiyi mərasimlə başlanılıb. 1 iyul 2020-ci il tarixində başlayan liman qəbulu sınaqları başa çatdıqdan sonra gəminin dənizə qəbulu sınaqlarına start verilib və 20 iyun 2022-ci il tarixində həmin snaq həyata keçirilib.

İlk helikopteri 17 noyabr 2022-ci ildə yerləşdirilən “Anadolu” gəmisinin bu ilin ilk aylarında Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Təxminən, üç futbol meydançası qədər olan gəmidə milli və yerli müharibə idarəetmə sistemi “Advent”-dən (bu, tək bir gəmi yerinə güc yönümlü, şəbəkə dəstəkli əməliyyat ehtiyaclarına cavab verən yeni nəsil komanda və idarəetmə sistemidir – M.Ş) istifadə olunur. Türkiyənin ən böyük döyüş, eyni zamanda dünyanın ilk PUA gəmisi olan “TCG Anadolu”-nun 2023-cü ildə xidmətə başlaması gözlənilir.

Ən müasir radarlar və sensorlarla təchiz edilmiş gəmi tanklar və zirehli maşınlar da daxil olmaqla, 100-ə yaxın avtomobili və digər zirehli nəqliyyat vasitəsini, həmçinin desant maşınları və qayıqları daşımağa qadirdir.

Amfibiya batalyonu ilə əməliyyat bölgələrinə lazımi döyüş və dəstək maşınlarını daşımaq qabiliyyətinə malik olan “TCG Anadolu” xüsusi təyinatlı nəqliyyat vasitələri ilə desantçıxarma əməliyyatlarında iştirak edə biləcək.

27 min 436 ton tam yükdaşıma qabiliyyəti, 231 metr uzunluğu və 32 metr eni ilə inşa edilən çoxməqsədli amfibiya gəmisi “TCG Anadolu”, Egey, Qara dəniz və Aralıq dənizindəki əməliyyat bölgələrində, hətta Hind və Atlantik okeanlarında da istifadə edilə biləcək.

Dünyada ilk dəfə olaraq PUA-lardan “sürü” kimi istifadə edən Türkiyə indi dəniz müharibəsi tarixinə yeni bir konsepsiya təqdim etməyə hazırlaşır. Türkiyənin ən böyük döyüş gəmisində istifadə ediləcək “Bayraktar TB3” PUA ilk uçuşuna yaxın zamanlarda başlayacaq. Həmçinin, “TCG Anadolu”-ya 30 ilə 50 arasında PUA yerləşdirilə biləcək.

Türkiyə donanmasının ehtiyacları istiqamətində inşa edilən “TCG Anadolu”, tam təchiz olunmuş 8 helikopterlə təmin ediləcək. Beləliklə, bir tabora yaxın əsgər istənilən əməliyyat bölgəsinə daşına biləcək.

İndi isə Türkiyənin “üzən qalası” hesab olunan “TCG Anadolu” amfibiya gəmisinin fiziki xüsusiyyətləri barədə:

Gəminin uzunluğu və eni: 232x32 m

Maksimum hündürlük: 58 m

Maksimum sürət: 21 knot

Hərəkət diapazonu: 9.000 mil

Ağır qaraj: 1,410 m²

Yüngül qaraj: 1,880 m²

Gəminin daxili hovuzu: 1.165 m²

Anqar: 900 m²

Uçuş göyərtəsi: 5,440 m²

Döyüş təyyarəsinin tutumu: 6 döyüş təyyarəsi

Hücum helikopterinin tutumu: 4 ədəd “T-129 Attack”

Qeyd edək ki, çoxməqsədli amfibiya hücum gəmisi kimi istifadə olunacaq “TCG Anadolu” döyüş rejimi zamanı 1400 nəfər personalı daşımaq qabiliyyətinə malikdir. Səkkiz desant gəmisini qəbul edə bilən “TCG Anadolu”-da tibbi əməliyyat otağı, diş müalicə bölmələri, reanimasiya və infeksiya daxil olmaqla ən azı otuz çarpayılıq hərbi xəstəxana yer alır.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »