Tükiyənin Van vilayətində həyata keçirilmiş əməliyyat zamanı PKK/YPG terror təşkilatının 5 üzvü tutulub.
APA xəbər verir ki, bunu Türkiyənin DİN rəhbəri Süleyman Soylu mətbuat konfransı zamanı Vandakı əməliyyatla bağlı çıxış edərkən deyib.
Nazirin sözlərinə görə, terrorçuların yaşadığı yerlərdə aparılan axtarış nəticəsində müxtəlif silah və sursatlar, əl qumbaraları və partlayıcı qurğular ələ keçirilib, bununla da növbəti terror aktının qarşısı alınıb.
Vanda təhlükəsizlik qüvvələrinin uzun müddətdir təqib etdiyi terrorçular təxribatlara hazırlaşıb və terror törətmək üçün əmri İranın Kələrəş şəhərindən alıblar.
Nazir əməliyyatın detalları barədə ətraflı məlumat verib.
“PKK-nın Vanda şəhərdaxili əməliyyat bölməsi olan və başında “Soreş Fatih Doktor” ləqəbli Cahit Hezer dayandığı, “Nedim” ləqəbli Vehbi Kiyat, Kadir Kiyağ, Özgür Aytekin və Fırat Kırdağ adlı şəxslər də daxil olmaqla 5 nəfərlik qruplaşma aşkarlanıb. Onların birlikdə terror aktı həyata keçirə biləcəyi barədə şübhələr yaranıb və yaşadıqları yerlərdə tapança, 2 qumbara, 1 səsboğucu, 2 maqazin, 9 ədəd 7.65 kalibrli patron, 1 ədəd simsiz rabitə vasitəsi, çoxlu sayda sursat, bomba düzəltmək üçün istifadə edildiyi güman olunan materiallar, yaddaş kartları, telefonlar, sim kartlar, təşkilati sənədlər, o cümlədən partlamağa hazır qurğu götürülüb. Beləliklə də daha bir təxribatın qarşısı alınıb”.






