Anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadəyə hökm oxunub. Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, 25 yaşlı Murad Niftizadə 20 il azadlıqdan məhrum edilib.
Bizimyol.info xəbər verir ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Bakıxanov qəsəbəsi ərazisindəki hündürmərtəbəlin binalardan birində baş verib. Murad Niftizadə bir ildən çox axtarışda olub. O, 2022-ci ilin martında Rusiyada tutularaq, Azərbaycana təhvil verilib.
Murad Niftizadə məhkəmədə ifadə verərkən özünü yalnız bacısını öldürməyə görə təqsirli bilib. O, ifadəsində zərərçəkmişləri hansı səbəbdən öldürməsi haqda danışarkən, hətta “ana” sözündən istifadə etməyib, “Fatma Həmzəyeva” deyib. Prokuror ondan bunun səbəbini soruşanda belə cavab verib: “O, bizə analıq etməyib, özünü özünü analıq hüququndan məhrum edib”.
Onun sözlərinə görə, hələ özü və qardaş-bacıları uşaq olanda Fatma Həmzəyeva onları atıb, başqa kişi ilə çıxıb getmişdi. Sonradan həmin şəxsdən də ayrılıb.
Murad Niftizadə iddia edir ki, son dövrlərdə bacısı Elgün Niftizadə də ansıyla birlikdə yaşayırdı. İnstagram sosial şəbəkəsində onun açıq-saçıq fotoları yayılmışdı: “Özü düşdüyü bataqlığa bacımı da dartıb salmışdı. O şəkilləri görəndə çox pis oldum. Heç olmasa, bacımı dartıb o bataqlıqdan çıxarmaq istəyirdim. Fatmanın yaşadığı yeri bilmirdim, zəng eləyib, özündən öyrəndim. Elgün evdə yox idi. Soruşdu ki, niyə gəlmisən? Dedim ki, Elgünlə işim var. Düzü, onunla dalaşdıq. Elgün gəldi, ona dedim ki, yığış, səni aparacam. Getmək istəmədi. Ona nə qədər yalvardım, yaxardım. Ara sakitləşdi. Elgün dükana getdi. O olmayanda Fatma yenə başladı ağzına gələni danışmağa. Bu vaxt Elgün də qayıtdı...”
Təqsirləndirilən şəxs əlavə edib ki, digər bacısı Gülşənlə münasibətləri həmişə yaxşı olub: “Elgünlə də münasibətlərimiz yaxşı idi. Biz kənddə olanda Fatma ora gəldi, Elgünü oğurlayıb apardı.
Bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət elədik. Dedilər ki, Elgününün 18 yaşı tamam olduğuna və könüllü getdiyinə görə heç bir addım atıla bilməz”.
Gülşən Niftizadə də məhkəmədə dindirilib. O da baş verənlərə görə anasını ittiham edib: “Fatma yaxşı ana olsaydı, bu gün biz burada olmazdıq. Elgünü onun yanından uzaqlaşdırmaq istəyirdik. Dəfələrlə ona demişdim ki, Fatmanın yanından öz evimizə qayıt. Amma Elgün mənə qulaq asmadı. Təəssüf ki, həyat tərzini dəyişmişdi, yüngül həyat tərzi keçirirdi, sosial şəbəkələrdə açıq-saçıq fotolar paylaşırdı. Hələ 2017-ci ildə buna görə ona irad bildirmişdim...”
Gülşən Niftizadə əlavə edib ki, qardaşı Murad da Elgünü düz yola çəkmək istəyib. Onların daha bir qardaşı isə hazırda Qazaxıstandadır, sənədlərlə bağlı problemi olduğuna görə Azərbaycana gələ bilmir.
Aytən, Bizimyol.info






