Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azəriqaz"-da "aşkarlıq": Abonentləri aşkar şəkildə "yükləyir"
"Azəriqaz"-da "aşkarlıq": Abonentləri aşkar şəkildə "yükləyir"
Qış fəslinin yaxınlaşması və havaların soyuması ilə əlaqədar ölkə sakinlərinin təbii qaza olan ehtiyacları artıb. Bu ehtiyacın artması isə SOCAR-ın nəzdində “Azəriqaz” QSC-nin hər ilsonu sakinlərə “qaz borcu”nu xatırladan sms-lər göndərməsinə səbəb olur. Xüsusilə sayğaclar yeniləri ilə əvəz edildikdən sonra abonentlər qalıq borclarını ödəmək üçün “Azəriqaz” tərəfindən “ASAN Kommunal”a yönləndirilirlər.

Qalıq borclarını ödədiklərini zənn edən vətəndaşların mobil nömrələrinə daha sonra “Azəriqaz”dan mesaj daxil olur. Həmin mesajın mətni isə belədir: “Hörmətli abonent! Dövlət yoxlamasının rəyinə əsasən, ****** abonent kodu üzrə qaz sayğacınızın xətaları AIBNDX-nin təyin etdiyi normadan yuxarı olduğu səbəbindən uçotu qeydiyyata alınmayan qaz həcmi müəyyən edilmişdir. Bu haqda yerli qaz xidməti sahəsindən əlavə məlumat ala bilərsiniz”.

Maraqlıdır ki, belə sms-lər məhz ilin sonuna yaxın gəlir, başqa sözlə, nədənsə, hamı qəfildən ilin sonunda borclu çıxır. Bu mesajdan sonra aidiyyəti portala daxil olub, sms-də qeyd olunan qaz həcminin nə qədər olduğu axtarılsa da, belə bir məlumat tapmaq olmur. Vətəndaşa gələn sms-lə portaldakı hesabı bir-birinə uymur – portalda vətəndaşın adına qaz borcu göstərilmir. Problemin gülməli tərəfi isə ondadır ki, heç bir borcu (ya da qeydiyyata alınmayan qaz həcmi – M.Ş) olmayan vətəndaş normal qaydada öz kartından ödəniş edib, qaz limiti yükləyərkən, həmin ödənişin bir hissəsi “borc”a çıxılır. Miqdar isə hər kəsdə fərqlidir. Biri 20 manatlıq qaz yükləyirsə, ondan 5, yaxud 7 manat borc tutulur.

Problemlə əlaqədar “Azəriqaz” QSC-nin Mətbuat Xİdməti ilə əlaqə saxlayıb, göndərilən əsassız mesajlar barədə sorğu verdik. Sorğuya cavab olaraq bildirildi ki, “Azəriqaz” QSC tərəfindən abonentlərə göndərilən həmin sms-lərdən biri araşdırılması üçün aidiyyəti departamentə göndərilib. Ancaq üzərindən iki həftədən çox vaxt ötməsinə baxmayaraq, qurumdan heç bir səs çıxmadı.

Vətəndaşlardan biri “Azəriqaz”-ın göndərdiyi həmin mesajlar barədə deyir ki, qurum indi də fırıldaq və kələklə insanların cibini soyur: “İlsonu yaxınlaşır, yenə pul yığmaq zamanıdır. Büdcələrindəki kəsri düzəltməyin bir yolu var, o da qanunsuz bildirişlərlə, sms-lərlə insanların zəhləsini töküb, cibini soymaq, vəssalam. O sms gələndən sonra kim deyə bilər ki, ödəməyəcək? Mənə həmin mesaj gəldikdən sonra portalda öz hesabımı yoxladım, borc çıxmadı, ardınca karta ödəniş edib, qazın limitini artıran zaman gördüm ki, bir hissəsi çıxıldı “borc”a. Yaxşı, bu, necə olur? Camaatın abonent koduna olmayan borclar əlavə olunur və sonra ödəniş zamanı o borclar tutulur. Bəs biz nə edək? Dərdimizi kimə deyək? “Azəriqaz”-ın rəhbərliyi dağıtdığı büdcəni il sonunda dolduracaq deyə, biz də onların bu əməllərinə alət olmalıyıq?” – deyə, “Azəriqaz”ın fəaliyyətindən narazı olan şəxs bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »