Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə kriminal klan qarşıdurması: restoranlar silahlı hücumların hədəfinə çevrilib
İsraildə kriminal klan qarşıdurması: restoranlar silahlı hücumların hədəfinə çevrilib

İsrailin Təl-Əviv Sülh Məhkəməsi məşhur Japanika restoranlar şəbəkəsinə qarşı silahlı və qumbara hücumlarında iştirakda şübhəli bilinən dörd nəfərin həbs müddətini beş gün uzadıb.

Bizimyol.info xəbər verir ki, saxlanılanlar arasında ölkənin tanınmış kriminal avtoritetlərindən biri Yosi Musli, həmçinin onun ehtimal olunan üç şəriki var. Onlar ən azı iyulun 19-dək həbsdə qalacaqlar. Məhkəmə şübhəlilər barəsində əsaslı şübhələrin olduğunu və onların ictimai təhlükə yarada biləcəyini bildirib.

İstintaqın versiyasına görə, hücumlar ərəb mənşəli Caruşi klanı ilə Musli qruplaşması arasında nüfuz uğrunda gedən kriminal qarşıdurmanın nəticəsidir. Müstəntiqlər hesab edirlər ki, hədəf seçilən Japanika şəbəkəsi iş adamı və "Beytar Qüds" futbol klubunun sahibi Barak Abramovun kriminal aləmdə dəyişən əlaqələri səbəbindən hücumlara məruz qalıb. Abramovun özü isə heç bir cinayət işində şübhəli hesab edilmir.

Son bir həftədə İsrailin mərkəzi və şimal bölgələrində odlu silah və əl qumbarasından istifadə edilən azı 13 hücum qeydə alınıb. Hücumlar Netaniya, Afula, Hersliya, Ramat-Qan, Kiryat-Ono, Givataim və Roş-Pina şəhərlərindəki Japanika restoranlarını əhatə edib. Sonuncu insident isə Yosi Muslinin saxlanılmasından sonra baş verib və Roş-Pinadakı restorana döyüş qumbarası atılıb.

Hadisələr nəticəsində ölən olmayıb, yalnız bir nəfər yüngül xəsarət alıb. Bununla yanaşı, partlayışlar ciddi maddi ziyan vurub və ölkədə kriminal qruplaşmalar arasında qarşıdurmanın daha da dərinləşdiyi ilə bağlı narahatlığı artırıb. İsrail polisinin rəhbərliyi vəziyyətlə əlaqədar fövqəladə müşavirə keçirərək cinayətkar qruplaşmalara qarşı tədbirləri gücləndirmək barədə göstəriş verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »