Akbank və Turkcell-in Baş Sponsorluğu və Türk Hava Yollarının Qızıl Sponsorluğunda keçirilən "Global Marketing Summit 2022" tədbirinin ilk günündə "Liderlərin Davamlılıq Gündəliyi" adlı panel keçirilib. Bu paneldə Türkiyə İş Dünyası və Davamlı İnkişaf Dərnəyi (SKD Türkiyə) İdarə Heyətinin sədri Ebru Dildar Edin, SKD Türkiyə və Borusan Holding-in İdarə Heyətinin üzvü - Maliyyəçi, Maliyyə İşləri və Birgə Xidmətlər Departamentinin rəhbəri, Qrup CFO Barış Kökoğlu, SKD Türkiyə və Doğan Holding-in İdarə Heyətinin üzvü Çağlar Göğüş və SKD Türkiyə İdarə Heyətinin üzvü Sütaş İdarə Heyətinin üzvü Duygu Yılmaz mövzu haqqında ətraflı müzakirə aparıb.
Bizimyol.info informasiya portalı sammitin Rəsmi Media Sponsoru olaraq xəbər verir ki, Qlobal Marketinq Zirvəsi, 4 gün ərzində dünyanın ən əhəmiyyətli marketinq ustadlarını və iş dünyasının ən nüfuzlu liderlərini və ilham mənbəyi olan məşhurları bir yerə gətirərək “Ulduz Yağmuru” yaşatmaqdadır. Tədbirin ilk günündə keçirilən üçüncü paneldə "Liderlərin Davamlılıq Gündəliyi" mövzusu üzrə aparılan qarşılıqlı panel müzakirəsini sizə təqdim edirik:
Türkiyə İş Dünyası və Davamlı İnkişaf Dərnəyi (SKD Türkiyə) İdarə Heyətinin sədri Ebru Dildar Edin, panel açılışında davamlılığın əhəmiyyətindən, iqlim böhranında aşılmamalı limitin aşıldığından və gündəlik həyatımızda bunun ciddi təsirlərinin hiss edildiyindən bəhs edib:
"İqlim dəyişikliyinin səbəb olduğu çox böyük resurs çatışmazlığı və təbii fəlakətlər gündəlik həyatımızın bir parçası oldu. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli tərəfindən yayımlanan hesabatda iqlim dəyişikliyi ilə mübarizədə Paris sazişində qeyd olunan 1, 5 dərəcə hədəfi ilə məhdudlaşdırılmamalı olduğunu və 2,7 dərəcəlik isinmə nöqtəsinə yaxınlaşıldığını görürük. BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyindəki hədəflərdən də danışmağa davam edirik və bu hədəflərə çatmaq üçün qalan 7 il ərzində görülməli çox işlər olduğunun fərqindəyik. Digər tərəfdən aclıq və yoxsulluq azalmaq əvəzinə artmaqdadır, dünyada təxminən 800 milyon insan həyatını davam etdirmək üçün ehtiyac duyduğu qidanı əldə edə bilmir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) beynəlxalq səviyyədə qidaya əlçatanlıqda ciddi böhran riskinin olduğunu açıqlayıb".
SKD Türkiyə İdarə Heyətinin üzvü və Sütaş İdarə Heyətinin üzvü Duygu Yılmaz, 2050-ci ildə məhdud və istifadəyə yararsız ərazi, azalmış və kirlənmiş su, iqlim dəyişikliyinin yaradacağı daha dəhşətli təsirlərə məruz qalmış kənd təsərrüfatı ilə qarşılacağını bildirib.
"Kənd təsərrüfatının ən vacib iki ehtiyacı torpaq və sudur. Əkinə yararlı olan torpaqlarımız eroziya, sənayeləşmə, şəhərləşmə səbəbindən azalmaqdadır. Səhv tətbiq olunan müdaxilələr ilə torpağın həm miqdar, həm də keyfiyyətində aşağı düşən bir nəticə var.
Su böhranının da təsirlərini hiss etməyə başladıq. Dünən 50 metrdən su ala bilsək də, bugün 300 metr kimi səviyyələrə qədər enməli oluruq. Burada önəmli olan bir mövzu da odur ki, Türkiyədə kənd təsərrüfatı istehsalının 75 faizində "vəhşi" suvarma sistemlərindən istifadə edirik. Ağıllı suvarma sistemlərini, təzyiqli suvarma və digər müasir suvarma sistemlərini danışmalı olduğumuz bir dönəmdəyik və bu istiqamətdə daha potensiallı imkanlar var" - deyən Duygu Yılmaz kənd təsərrüfatı sahəsində sənaye və üniversitetlərin əməkdaşlıqlarının vacibliyini vurğulayıb. O, Türkiyənin Ankara Universiteti ilə SKD Türkiyənin kənd təsərrüfatında su səmərəliliyi və su ayaq izi mövzusunda maarifləndirmə məqsədiylə hazırlanan "Su riskləri" layihəsinin Anadolunun şərqində başladıldığını və yaxın günlərdə layihə haqda daha ətraflı məlumatın ictimaiyyətlə paylaşılacağını qeyd edib.
Panelin moderatoru Ebru Dildar Edin iqlim böhranının ətraf mühitə təsir etməklə yanaşı, sosial bərabərsizliyin artmasına da səbəb olduğunu bildirib. O, iqlim böhranının qadınların və qız uşaqlarının həyat rifahı, sağlamlığı və təhlükəsizliklərini təhdid edən faktorlara birbaşa təsirlərinin olduğunu əlavə edib.
SKD Türkiyə və Doğan Holding-in İdarə Heyətinin üzvü Çağlar Göğüş, bəşəriyyətin eyni anda birneçə böhranla eyni anda mübarizə apardığını və bu dövrdə ən çox təsirlənən həssas qruplarda zərif cinsin nümayəndələrinin olduğunu qeyd edib. Onun sözlərinə görə, pandemiya dövründə aparılan araşdırma nəticələrində, qadınların kişilərə nisbətən işsizliklə daha çox üzləşdiyi müəyyənləşdirilib.
Çağlar Göğüş, SKD Türkiyə tərəfindən ölkədaxili və ölkəxarici tərəfdaşlarla birgə hazırlanan sosial əhəmiyyətli layihələr vasitəsilə ölkədə bərabərhüquqlu biznes mühitinin təmin olunmasında faydalı fəaliyyətlər icra edildiyini əlavə edib.
SKD Türkiyə və Borusan Holding-in İdarə Heyətinin üzvü - Maliyyəçi, Maliyyə İşləri və Birgə Xidmətlər Departamentinin rəhbəri, Qrup CFO Barış Kökoğlu, iqlim dəyişikliyi ilə bağlı önləyici tədbirlərin görülməsi mövzusunda birçox dövlət və şirkətlərin ciddi addımlar atdığını qeyd edib. O, bildirib ki, iqlim dəyişikliyi ilə bağlı mübarizə artıq sadəcə ətraf mühit məsələsi deyil, cəmiyyət və biznes mühitinə təsir edən davamlı inkişaf məqsəd məsələsinə çevrilib. SKD Türkiyənin bu istiqamətdə fəaliyyətindən ətraflı şəkildə bəhs edən Kökoğlu, Türkiyənin BMT-nin Davamlı İnkişaf üzrə Türkiyənin götürdüyü öhdəliklərin yerinə yetirilməsində dəstək olacaqlarını əlavə edib.
Türkiyə İş Dünyası və Davamlı İnkişaf Dərnəyi (SKD Türkiyə) İdarə Heyətinin sədri Ebru Dildar Edin, Sütaş brendinin "yaşıl tranformasiya" məqsədini qarşısına qoyaraq "fermalardan süfrələrə" strategiyasını tətbiq etdiyini və davamlılıq istiqamətində göstərdikləri fəaliyyətə dair hesabatların da ictimaiyyətə təqdim olunduğunu qeyd edib. Sütaş brendinin fəaliyyəti haqda ətraflı məlumat vermək üçün söz alan Sütaş İdarə Heyətinin üzvü Duygu Yılmaz, qida güvənilirliliyi və davamlılığının təmin edilməsi ilə uzun illərdir inəklərin qidalandığı otdan süfrələrdə Sütaş məhsullarının yer tutmasına qədər idarə edilən bütün bu prosesin "fermalardan süfrələrə" deyə adlandırıldığını bildirib. O, sözügedən iş modelinin orqanik və güvənilir qida axtaran istehlakçının da gözləntisini qarşıladığını vurğulayıb.
"Sütaş, sadəcə süd fabriki deyil. Bizim geniş sahələrimizdə istehsalçıların davamlı təlimlərdən keçdiyi mərkəzlər, fermalar, yem bitkilərinin və qarışıq yem istehsalı, süd fabrikləri və bioqaz qurğularının olduğu bölmələr var. Bioqaz qurğularından istifadə olunan bölgələrdə fermalarımızdakı gübrələrdən və orqanik istehsal prosesində ortaya çıxan tullantılardan bioqaz əldə edirik. Bioqazdan da istifadə edərək elektrik, isti su və buxar əldə edirik. Bu üsulla fermalardan çıxan gübrələr birbaşa torpağa qarışmasını əngəlləyirik, yanacaq istehlakını azaltmış oluruq. Hazırda bioqazdan əldə etdiyimiz elektrik enerjisi bütün fabriklərimizin enerji ehtiyacının 84 faizinə bərabər səviyyədədir" - deyən Duygu Yılmaz, Sütaş brendinin həm qida həm də torpaq keyfiyyətinə xüsusi diqqət göstərdiyini bildirib.
Paneldə şirkətlərin davamlılığın təminatı, biznes mühitində qadınlara təqdim olunan imkanlar və daha yaxşı bir gələcək üçün atılacaq addımlar mövzularında müzakirə aparılıb və SKD Türkiyənin bu fəalliyyətlərdə öz üzərinə götürdüyü öhdəliklərdən bəhs edilib.
Qeyd edək ki, Bizimyol.info informasiya portalının Rəsmi Media Sponsoru olduğu beynəlxalq sammit haqqında ətraflı məlumat üçün sammitin rəsmi saytına keçid edə bilərsiniz.
Orxan Musabəyli, Bizimyol.info






