Akbank və Turkcell-in Baş Sponsorluğu və Türk Hava Yollarının Qızıl Sponsorluğunda keçirilən "Global Marketing Summit 2022" tədbirinin ilk günündə "CEO-ların Gələcək Gündəliyi" adlı panel keçirilib. Bu paneldə sammitin prezidenti, KREA M.I.C.E. qurucusu və baş direktoru, KREA Digital şirkətinin həmtəsisçisi Seda Mızraklı Ferik və Akbank-ın baş direktoru Hakan Binbaşgil mövzu haqqında müzakirə aparıb.
Bizimyol.info informasiya portalı sammitin Rəsmi Media Sponsoru olaraq xəbər verir ki, Qlobal Marketinq Zirvəsi, 4 gün ərzində dünyanın ən əhəmiyyətli marketinq ustadlarını və iş dünyasının ən nüfuzlu liderlərini və ilham mənbəyi olan məşhurları bir araya gətirərək “Ulduz Yağmuru” yaşatmaqdadır. Tədbirin ilk günündə keçirilən paneldə iki böyük şirkətin rəhbəri gələcəyin mövzusu üzrə qarşılıqlı müzakirə edib. "CEO-ların Gələcək Gündəliyi" adlı panel müzakirəsini sizə təqdim edirik:
KREA M.I.C.E. qurucusu və baş direktoru, KREA Digital şirkətinin həmtəsisçisi Seda Mızraklı Ferik, "CEO-ların Gələcək Gündəliyi" adlı panelinin açılışında Akbank-ın baş direktoru Hakan Binbaşgili salamlayıb və ötən ilki tədbirdə olduğu kimi bu il keçirilən sammitdə də iştirak etdiyi üçün təşəkkürünü bildirib. O, 2012-ci ildən etibarən Akbank-ın baş direktoru olan Hakan Binbaşgilin bankın rəhbərliyi vəzifəsini üzərinə götürdükdən sonra bankın fəaliyyətində önəmli dəyişiklik və inkişafın müşahidə olunduğunu bildirib.
KREA M.I.C.E. qurucusu və baş direktoru, KREA Digital şirkətinin həmtəsisçisi Seda Mızraklı Ferik: "Ötən illər ərzində dünyada iqtisadi və sosial dəyişikliklər oldu. Ümumi olaraq biznes mühitinə də nəzər salsaq görərik ki, müştərilərimiz, əməkdaşlarımız, seçimlərimiz və vərdişlərimiz də dəyişdi. Bugün Qlobal Marketinq Zirvəsi tədbirində də sizinlə birgə gündəmimizdə olan Marketinq 5.0 və Davamlı Biznes mövzusunu müzakirə edirik.
Sammitin açılışında dünyanın ən önəmli marketinq ustadı, professor Filip Kotler dünyadakı mövcud vəziyyətdən və davamlı biznes haqda çox gözəl nümunələr təqdim etdi. Türkiyədə Akbank brendinin son illərdəki uğurlu dəyişikliyini və bu dəyişikliyin davamlılığını müşahidə edirik. Akbank brendində nələr dəyişdi və brendin gələcəyini harada görürsünüz?" - deyə KREA M.I.C.E. qurucusu və baş direktoru, KREA Digital şirkətinin həmtəsisçisi Seda Mızraklı Ferik müzakirəni başladıb.
"Gələn il 75-ci ilinə qədəm qoyacaq Akbank, Türkiyənin ən köklü və ən güclü brendlərindən biridir. 1948-ci ildə Adanada qurulan bankda o gündən bugünə kimi birçox dəyişiklik baş verdi. Əvvəla bank güvən verməlidir, maliyyə baxımından güclü olmalıdır. İndiki dövrdə müştəri dəyişir, gözləntilər dəyişir. Texnologiya və vərdişlər dəyişir. Biz də uğur qazanmaq istəyiriksə, dəyişən dövrə uyğunlaşmalı, hətta önündə olmalıyıq. Təbii ki, bu dəyişikliklər bizim brendimizə də öz təsirini göstərir. Məsələn, bizim bir dizayn üslubumuz var və bir məzmun dizayn edərkən diqqət etməli olduğumuz məqamlar var. Güvənilir olmaq, sadə olmaq, hərəkətli olmaq, insanmərkəzli olmaq və innovativ olmaq. Artıq bunlara davamlılıq xüsusiyyətini daşımaq da daxil edilir. Brendimiz bu prinsiplər çərçivəsində inkişaf etdirilir" - deyə Akbank-ın baş direktoru Hakan Binbaşgil qeyd edib.
Sammit vasitəsilə bütün brendlərin cəmiyyətə faydalı olmaq üçün müxtəlif fəaliyyətlər icra etdiyini vurğulayan Seda Mızraklı Ferik, brendlərlə yanaşı fərdlərin də bu fəaliyyətlərə qoşulduğunu qeyd edib. O, sözügedən mövzu üzrə aparılan araşdırma nəticələrindən bəhs edərək, Z nəslinin nümayəndələri şirkət seçimində anlam və məqsəd istiqamətində addım atdıqlarını bildirib.
Seda Mızraklı Ferik, Akbank-ın da bu istiqamətdə reallaşdırdığı cəmiyyət üçün əhəmiyyətli və faydalı layihələr haqqında şirkətin baş direktoruna sual ünvanlayıb. Hakan Binbaşgil rəhbərlik etdiyi bankın ictimai fayda mövzusuna ciddi şəkildə önəm verdiyini, sərmayə ayırdığını və bu sahədə güclü olduğunu qeyd edib. Akbank-ın sadəcə pul mərkəzli bir şirkət olmadığını bildirən bank rəhbəri, mədəniyyət və incəsənət sahəsinə diqqət göstərildiyini bildirib. Hakan Binbaşgil Akbank Sanat, Akbank Uşaq Teatrı, Akbank Caz Festivalı ilə yanaşı, təhsil sahəsində də Akbank Gənclik Akademiyası layihəsindən də bəhs edib. Akbank-ın KOB-lar üçün Akbank Dönüşüm Akademiyası və Akbank Lab layihəsi haqda geniş məlumat verən baş direktor, ölkənin birçox bölgəsində könüllülük fəaliyyətlərinin də əhəmiyyətini vurğulayıb.
Yeni normal deyə adlandırılan yeni dövrdə Akbank-ın beynəlxalq standartlarda fəaliyyət göstərdiyini, korporativ mədəniyyət və prinsiplərinin olduğunu bildirən Hakan Binbaşgil, bankın din, dil, cinsiyyət və digər mövzularda ayrıseçkiliyinin olmadığını vurğulayıb. Bank rəhbəri müxtəlif şöbələrdə, eyni zamanda yüksək dərəcəli vəzifələrdə qadın əməkdaşların olduğunu qeyd edərək, statistika ilə 50 faiz kimi yüksək və bərabər rəqəmin olduğunu açıqlayıb. Baş direktor bu cür mövzuların artıq normal qəbul edilməsindən, atalıq məzuniyyəti və bayram icazələri kimi mövzularda da hüquqi addımların davamlı olaraq atıldığından bəhs edib.
KREA M.I.C.E. qurucusu və baş direktoru, KREA Digital şirkətinin həmtəsisçisi Seda Mızraklı Ferik, Akbank-ın biznes mühitində qadın əməkdaşların fəaliyyətinə göstərdikləri diqqətin təqdirəlayiq olduğunu və bu addımın sektordakı digər şirkətlər tərəfindən də tətbiq olunmasının əhəmiyyətini vurğulayıb.
Seda Mızraklı Ferik'in "Professor Filip Kotler sammitin açılış nitqi ilə brendlərin planet ekosisteminin davamlılığının təmin olunmasında vacib rolunun olduğunu qeyd etdi. Akbank bu istiqamətdə hansı addımlar atır?" sualına cavab olaraq, Hakan Binbaşgil bankın bu mövzuda 4 istiqamətdə ciddi fəaliyyət göstərdiyini qeyd edib: "Davamlı maliyyə, insan və cəmiyyət, ekosistem və iqlim dəyişikliyi mövzularına fokuslanaraq, yüzlərlə kriteriyada işlər görməkdəyik. Bankımızın fəaliyyətinin sadəcə rəqəmlərlə işləməkdən ibarət olmadığını rahatlıqla deyə bilərəm. Davamlılıq mövzusuna xüsusi diqqət göstəririk və bununla bağlı çox ciddi hədəflərimiz var".
Akbank rəhbərinin davamlılıq mövzusunda həmfikir olan sammit prezidenti bildirib ki, bu il 50 mindən çox iştirakçısı olan qlobal tədbirin onlayn formatda keçirilməsinin əsas səbəbinin mümkün qədər daha az "karbon ayaq izi" olmasını təmin etməkdir.
Sammitin "Future and Digital" bölməsində rəqəmsal dünyada olan inkişaf, innovasiya, elektron ticarət və metaverse sahəsi üzrə müzakirələr aparılmaqdadır. Akbank-ın da rəqəmsal inkişaf, süni intellekt mərkəzli maliyyə texnologiyaları və metaverse sahəsindəki fəaliyyətlərini izlədiyini qeyd edən Seda Mızraklı Ferik, innovasiyaya dəyər verən Akbank-ın startap ekosisteminə yanaşması və bu istiqamətdə hansı layihələrin icra ediləcəyi haqda bank rəhbərinə sual ünvanlayıb. Hakan Binbaşgil, bu mövzunun xüsusi maraq dairəsində olduğunu və cavablamaqdan məmnun olduğunu qeyd edib:
"Öndə olmaq istəyən bank, bu mövzuları həmişə diqqət mərkəzində saxlamalıdır. İllərdir zaman ayırdığımız və hər il 100-200 milyon dollar dəyərində böyük sərmayə qoyduğumuz bu sahələrdən aldığımız nəticələrə baxdıqda, bankın rəqəmsal bankçılıq və texnoloji dəyişiklik istiqamətində komanda olaraq gördüyümüz işlərdən qürur duyuram. İnnovasiyanı, rəqəmsallaşmanı, yeniliyi ön plana alaraq Akbank Lab layihəsi, fintechlər, startaplar və digər çoxsaylı əməkdaşlıqlar vasitəsilə fəaliyyət göstərməyə davam edirik. Kiçik bir komanda ilə başlayıb ölkənin birçox bölgəsindəki filiallarımızdan yenilikçi fikirlər alaraq böyütdük. Bankımıza, ölkəmizə fayda verəcək fikirlərə dəstək göstərməyə hazırıq deyə yola çıxdıq və bu istiqamətdə əməyi olan komandamıza da təşəkkür edirəm".
Qeyd edək ki, Bizimyol.info informasiya portalının Rəsmi Media Sponsoru olduğu beynəlxalq sammit haqqında ətraflı məlumat üçün sammitin rəsmi saytına keçid edə bilərsiniz.
Orxan Musabəyli, Bizimyol.info






