Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun işi üzrə ötən məhkəmə iclasında şəhid ailələri və qazilər üçün evlərin alınması zamanı külli miqdarda yeyintiyə yol verildiyi üzə çıxmışdı. Sentyabrın 19-da keçirilən budəfəki məhkəmə iclasında isə əlillər üçün avadanlıqların, o cümlədən əlil arabalarının alınması zamanı korrupsiyaya yol verilib. Məsələn, cənazə maşını sürən, gözəllik mərkəzində işləyən və s. şəxslərin adına şirkətlər təsis edilib. Həmin şirkətlər nazirliyin keçirdiyi tenderlərdə qalib elan olunub. Həmin şirkətlərin hesabına köçürülən vəsaitlərin bir hissəsinə avadanlıq alınsa da, qalanı geri qaytarılıb və mənimsənilib.
Bizimyol.info xəbər verir ki, hazırda ev dustaqlığında olan Səlim Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Məhkəmədə dindirilən Ülviyyə Məmmədova 2012-2019-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin baş mühasibi işləyib. O bildirib ki, şöbə müdiri Şəlalə Cəfərovanın tapşırıqlarını icra edib: “Şəlalə Cəfərova mənə demişdi ki, nə desə, onları icra etməliyəm”.
Ülviyyə Məmmədovanın sözlərinə görə, nazirlik adından müxtəlif təşkilat, müəssisələrlə müqavilələr bağlanıb. Həmin qurumlardan alınan pulları toplayıb şöbə müdirinə verib.
Uzun müddət Əlillərin Bərpa Mərkəzinin baş mühasibi olmuş Nəzakət Kərimova da məhkəmədə dindirilib. O, qızı Könül Xudiyevanın adına şirkətlər təsis edib. Həmin şirkətlər də Mərkəz üçün avadanlıqların alınmasına dair tenderlərdə qalib elan edilib, onların hesabına külli miqdarda pullar köçürülüb. Nəzakət Kərimova məhkəmədə deyib ki, Əlillərin Bərpa Mərkəzinin rəhbərinin göstərişilə şirkətləri təsis edib. O, etiraf edib ki, şirkətlərin hesabına köçürülən vəsaitlərin bir hissəsinə avadanlıqlar alınırdı. Amma 20-30 faiz geri qaytarılırdı: “Alqı-satqılarda 20-30 faiz gəlir olurdu. Onları da Bərpa Mərkəzinin rəhbərinə vermişəm”.
Adına şirkətlər təsis edilmiş Könül Xudiyeva da məhkəmədə ifadə verib. O, adına olan şirkətlərin fəaliyyətindən xəbərsiz olduğunu deyir: “Bu işlərin görülməsi üçün anama etibarnamə vermişəm. Anam da mənim adımdan açılan şirkətləri idarə edib. Mənim heç nədən xəbərim yoxdur...”
Dindirmə zamanı məlum olub ki, Könül Xudiyeva ixtisasca psixoloq-pedaqoq-loqopeddir, amma gözəllik mərkəzində işləyir. Anası Nəzakət Kərimova da məhkəmədə dindirilib. O, etiraf edib ki, şirkətlərin hesabına köçürülən vəsaitlərin bir hissəsinə avadanlıqlar alınırdı. Amma 20-30 faiz geri qaytarılırdı: “Alqı-satqılarda 20-30 faiz gəlir olurdu. Onları da Bərpa Mərkəzinin rəhbərinə vermişəm”.
Daha sonra məhkəmədə cənazə maşınının sürücüsü Ənvər Məhərrəmov dindirilib. Onun adına da şirkətlər yaradılıb. Deyir ki, bu şirkətlərin nə işlə məşğul olmasından da, nazirliyin tenderlərində qalib elan edilməsindən də xəbəri yoxdur. O, əvvəllər taksi sürücüsü olub. Şirkətlər də həmin vaxt yaradılıb: “Dostum Vüqar bu şirkətləri adıma açmağı təklif etdi. Mənim başım çıxmır, ona dedim ki, problem olmaz? Söz verdi ki, yox, olmayacaq. Ona görə razılıq verdim. Amma işləri bildiyimə görə Vüqarın əmisi Mirsahib görüb. Mənim işlərdən xəbərim olmayıb”.
Mirsahib Həsənov da məhkəmədə dindirilib. O bildirib ki, kitabşünas olsa da, əlil arabalarının alınması məsələsində nazirliklə şirkətlər arasında vasitəçilik edib.
Onun sözlərinə görə, dost-tanışının şirkətləri vardı, o da əməkdaşlıq edib, müəyyən qədər qazanc götürürdü. Bu şirkətlər vasitəsilə xaricdən əlil arabaları alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müəssisələrə satılıb: “Mənə bəzən 5 faiz qalırdı, bəzən 10 faiz. Nə olsa, razılaşırdım...”
1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.
2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.
Səlim Müslümov mənimsəmə və israfetmə nəticəsində dövlət büdcəsinə vurulmuş 27 milyon manatlıq ziyanın 20 milyonunu ödəyib.
Aytən, Bizimyol.info






