Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda qadınların da pensiya yaşı 65 oldu
Azərbaycanda qadınların da pensiya yaşı 65 oldu

Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Kişilər üçün isə pensiya yaşı 2021-ci il iyunun 30-da tamamlanıb. Artıq qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə bərabərləşib.

Bu məsələ cəmiyyətdə və mediada geniş müzakirələrə səbəb olub və qərar tənqid edilib. İnsanların əlindən gələn isə yalnız özlərinə uzun ömür arzulamaq olub.

Bir çox qadın 65 yaşda müxtəlif peşələrdə iş fəaliyyətlərini davam etdirmək gücündə olur. Ancaq onu da bilirik ki, ölkəmizdə adətən küçə təmizləmə, xadiməlik, dayəlik, eləcə də, aşpazlıq kimi işlərdə qadınlar daha çoxdur.

  • Keyfiyyətsiz ərzaq məhsulları ilə qidalanmağı, dərmanların yaratdığı fəsad və ya ondan asılılıq kimi faktorları nəzərə alsaq, bu qadınlar işlərinin öhdəsindən gələ biləcəklərmi?

Üstəlik, qadınların işdən əlavə evini idarə etmək kimi böyük qayğıları, məsuliyyətləri də var. Uşaqlara baxmaq, yemək bişirmək, valideynlərin qayğısına qalmaq, övladlarının təhsili ilə məşğul olmaq, nəvələr varsa onların qayğısını çəkmək - bu vəzifələr də onların üzərinə düşür. Bu baxımdan düşünürəm ki, qadınların pensiya şərtləri kişilərlə müqayisədə daha asan olmalıdır. Əks halda bunu sosial ədalətsizlik kimi qəbul etmək olar.

Hökumət hesab edir ki, pensiya yaşının artırılması insanların daha uzun müddət işləməsinə, daha çox sığorta haqqı ödəməsinə və pensiya fondlarının maliyyə vəziyyətinin yaxşılaşmasına imkan verəcək.

Gəlin, qonşu ölkələrdə qadınların pensiya yaşına baxaq. Gürcüstanda qadınlar üçün pensiya yaşı 60, kişilər üçün isə 65-dir. İranda kişilər üçün pensiya yaşı 62, qadınlar üçün isə 55-dir. Ermənistanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 63-dür. Türkiyədə hazırda qadınlar üçün pensiya yaşı 58, kişilər üçün 60-dır. Lakin 2006-cı ildə qəbul edilən 5510 saylı “Sosial Sığortalar və Ümumi Sağlamlıq Sığortası haqqında” Qanuna əsasən, pensiya yaşı 2036-cı ildən etibarən mərhələli şəkildə artırılacaq və 2048-ci ildən başlayaraq həm qadınlar, həm də kişilər üçün 65 yaş olacaq. Türkmənistanda pensiya yaşı qadınlar üçün 57 yaş, kişilər üçün 62 yaşdır. Özbəkistanda pensiya yaşı kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş təşkil edir.

Qazaxıstanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 61 yaş, Qırğızıstanda pensiya yaşı kişilər üçün 63 yaş, qadınlar üçün 58 yaş, Tacikistanda isə yaşa görə pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 58 yaş müəyyən edilib.

İnsanlar pensiyaya çıxma illərini səbirsizliklə gözləyirlər. Realist düşünsək, təqaüdə çıxıb bir kənddə, bölgədə, bağda və ya özləri üçün tikdirdikləri evdə yaşamaq arzusu təkcə kişilərdə deyil, qadınlarda da var.

Bəs görəsən, Azərbaycanda əhalinin neçə faizi bu xəyalları qura bilir?

Günel Həsənova,

Bizimyol. info

Son xəbərlər
Bütün xəbərlər »