Bakının Sabunçu qəsəbəsindən uşaq oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın işi üzrə məhkəmə istintaqı başlayıb. Qadının bu uşağı övladlığa götürmək məqsədilə oğurladığı iddia olunur.
Bizimyol.info xəbər verir ki, Gültəkin Muradova Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Hakim Əhməd Quliyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Orada yazılıb ki, 1969-cu il təvəllüdlü Gültəkin Muradova Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki evlərdən birində qeyri-rəsmi nikahda yaşadığı şəxslə birlikdə kirayə qalıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq qərarına gəlib. Bu məqsədlə ətrafda olan yaşayış massivlərini gəzib.
İttiham aktında həmçinin qeyd olunub ki, Gültəkin Muradova oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.
O, 2 yaşlı Məhəmməd Şıxəliyevin yaşadığı evdə də özünü yardımsevər şəxs kimi təqdim edib, ailəyə yardım gətirəcəyini deyib.
Hadisə baş verən gün – dekabrın 29-da yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt 2 yaşlı uşaq bacısı Firuzənin yanında olub. Onlar o evdə kirayə qalırdılar.
İttihama əsasən, Gültəkin Muradova uşağı aparanda Firuzə Şıxəliyeva ona etiraz edib, qardaşını hara apardığını soruşub. O isə cavabında deyib ki, Məhəmməd üçün şirniyyat alıb gətirəcək. İddiaya görə, 10 günə yaxın uşağı saxlayıb. Yanvarın 8-də hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində uşaq tapılıb və anasına təhvil verilib.
Prokurorun elan etdiyi ittihama münasibət bildirən 53 yaşlı Gültəkin Muradova özünü təqsirli bilməyib. O, ittiham aktında yazılanların doğru olmadığını bildirib.
Növbəti məhkəmə iclasında Gültəkin Muradova özü ifadə verəcək.
Hadisədən bir neçə gün sonra Daxili İşlər Nazirliyi 2 yaşlı Məhəmmədin, eləcə də onun 3 nəfər bacı-qardaşının müvafiq dövlət orqanlarının qərarıyla ailədən alınaraq, sığınacağa yerləşdirildiyi barədə nəlumat yaymışdı. Uşaqların saxlanma şəraiti, valideynlərin münasibəti və s. hallar nəzərə alınaraq, belə bir qərar verilmişdi.
Aytən, Bizimyol.info






