Türkiyədə iki suriyalının 18 yaşlı gəncin qətlində təqsirli bilinməsi böyük qalmaqala səbəb olub. Aylardır Ankarada bu məsələ gündəmdən düşmür. Altındağ ilçəsindəki hadisəyə görə yerli sakinlər sakitləşmək bilmir. Yerli icra orqanları çıxış yolunu suriyalıları bölgədən çıxarmaqda görür.
Bizimyol.info xəbər verir ki, avqustun 10-da baş vermiş hadisə paytaxtda böyük rezonans doğurmuşdu. Həmin gün axşam saatlarında iki suriyalı Emirhan Yalçın və Əli Yasinlə mübahisə etmişdi. Yəhya adlı suriyalı hər iki yerli vətəndaşı bıçaqlayaraq qaçmışdı. Emirhanı xəstəxanaya çatdırmaq mümkün osa da, gənc orada həyatını itirmişdi.
Prokuror Yəhya Əl Abdoya 20 il həbs cəzası istəyib. Yetkinlik yaşına çatmayan digər suriyalıya ittiham irəli sürülməyib. Zərərçəkmiş tərəf qatilin ömürlük azadlıqdan məhrum edilməsini istəyir.
Hadisədən sonra bölgədə böyük gərginlik yaranmışdı. Xeyli suriyalının avtomobili yandırılmışdı. Miqrantların bir neçəsinin evlərinin pəncərələri sındırılmışdı. Onların ilçədə sərbəst hərəkəti problemə çevrilmişdi. Polis gərginliyi aradan qaldırmaq üçün bir neçə ay ilçədə gücləndirilmiş iş rejimində fəaliyyət göstərdi.
Türkiyə Daxili İşlər Nazirliyi problemin həllini “seyrəltmə” əməliyyatının həyata keçirilməsində görür. Yəni suriyalıların sayı bölgədə zaman-zaman azaldılacaq. Artıq qonşu ölkədən gəlmiş 4514 miqrant Altındağdan çıxarılıb. Onların 177 iş yeri bağlanıb. 309 yaşayış yeri sökülüb.
Daxili İşlər Naziri Süleyman Soylu son çıxışında Türkiyədəki suriyalıların sayının 3.7 milyon nəfəri keçdiyini deyib. O, bəzi bölgələrdə qonşu ölkə vətəndaşlarının ümumi əhalinin 25 faizini təşkil etməsini narahatlıqla vurğulayıb. Süleyman Soylu bundan sonra məsələyə daha həssas yanaşacaqlarını bildirib. Yəni ayrı-ayrı bölgələrdə miqrantların sayının artmasına imkan verilməyəcək.
Suriyalı sayı 10 min nəfərə çatan bölgələrə nəzarət olunacaq. Ümumiyyətlə, Köç İdarəsi gəlmələrin yerləşməsinə xüsusi diqqət yetirəcək. Rəsmi qurumlar hər hansı bölgədə miqrant çoxluğunun yaranmasının kriminal vəziyyətin pisləşməsinə xidmət etdiyinə əmindir.
Aytən, Bizimyol.info






