Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünü “tiktoker”, “videobloger”, “fotomodel” kimi sınamaq istəyənlərin sayı niyə çoxalır
Özünü “tiktoker”, “videobloger”, “fotomodel” kimi sınamaq istəyənlərin sayı niyə çoxalır

Yeniyetmələr cəmiyyətdə hər zaman həssas və nisbətən, çətin davranışlı sosial yaş qrupu sayılıb. Bu yaş dövründə onlar ətrafda baş verənlərə çox fəal reaksiya verirlər. Pandemiya dönəmində internet əsasən, hər kəs üçün əlçatan olduğuna görə, yeniyetmələrin internetdə axtarışları, sosial şəbəkələrə, o cümlədən, “Tik-tok”a marağı dəfələrlə artıb.

Sosioloq Nail Cəlil Bizimyol.info saytına açıqlamasında bildirib ki, sosial-psixoloji baxımdan, burada qeyri-adi heç nə yoxdur. Çünki yeniyetməlik yaşı dövründə hər bir insan kifayət qədər fəal, hərəkətli, dinamik olur. Bu yaşda özünü ifadə etmək üçün müxtəlif kreativ üsullara əl atmaq, intellektual və yaradıcı oyunlar, şıltaqlıq, dəcəllik, normaları bir qədər çətin anlamaq az-çox hər bir yeniyetmə üçün xarakterikdir. Bu mənada, hər şey təbii, gözlənilən və normaldır. Baş verənlərin sosioloji dinamikasına, mahiyyətinə diqqət yetirdikdə vəziyyət bir qədər mürəkkəbləşir. Bu halda biz deviantlığın kəskin artdığını, yeniyetmələrin ənənəvi ictimai dəyərlərə və qaydalara spontan müqavimətini, onların davranışında potensial ictimai təhlükəliliyi artıran əlamətlərin çoxalmasını müşahidə edirik.

Nail Cəlil Nail Cəlil

“Ümumilikdə, bu, kütləvi xarakter daşımasa da, özünü sosial şəbəkələrdə “tiktoker”, “videobloger”, “fotomodel” və s. kimi sınamaq, təsdiqləmək istəyən yeniyetmələrin sayı sürətlə çoxalmaqdadır. Belə vəziyyətdə yeniyetmə uşaqları cəlb edən başlıca amil bu tipli sosial şəbəkələrin uşaqlara geniş, “əlverişli” özünüifadə imkanı yaratmasıdır. Digər mühüm səbəb uşaqlar asudə vaxtının təşkili, intellektual, fiziki məşğulluğu ilə bağlı tədbirlərin məhdudluğu, onların cəmiyyət və dövlət səviyyəsində sosial cəhətdən dəstəklənməsində yaşanan boşluqlardır”,- deyən ekspert bildirib ki, bir sıra hallarda valideynlərin övladlarına nəzarət etməməsi və ya onların çılğın, aqressiv hərəkətlərinə ciddi əhəmiyyət verməməsi, uşaqları düzgün istiqamətləndirməyi bacarmamaları da yeniyetmələrin asosial davranışına, “internet sosiallaşması”na və ya internetdən, sosial şəbəkələrdən asılılığa gətirib çıxarır.

Ekspertin sözlərinə görə, ümumilikdə, yeniyetmələrdə özünügerçəkləşdirmənin sosial-psixoloji inkişaf dinamikasının öyrənilməsi belə problemləri öncədən qiymətləndirməyə, mümkün risklərdən qaçmağa və uşaqların psixi və fiziki cəhətdən yetkin, sağlam şəxsiyyət kimi formalaşmasına kömək edə bilər. Sosial texnologiyaların, internetin, müxtəlif şəbəkələrin yeniyetmələrə mənəvi-psixoloji təsiri də diqqətlə araşdırılmalı, öyrənilməli, zəruri profilaktik tədbirlər görülməlidir. Son 15-17 ildə internet-kommunikasiya texnologiyaları kütləviləşmənin, kütləvi xarakter alan sosial qarşılıqlı təsirin əsas daşıyıcısına lokomotivinə çevrilib. Bu prosesdə təbii olaraq, daha fəal və birbaşa iştirakçı olanlar, birbaşa kəskin təsirlərə məruz qalanlar məhz yeniyetmələr və gənclərdir.

“Təcrübə göstərir ki, burada məsələnin həllinin sosioloji modeli dəyişməlidir, çoxölçülü olmalıdır. Bu təsirin mümkün fəsadlarını önləmək, mənfi gözləntiləri müsbətə çevirmək üçün effektiv sosial-psixoloji həll konsepsiyalarına üstünlük verilməlidir. Bütün bunlar həmin yaş dövründə yaşla bağlı dəyişmələrin konkret psixoloji mexanizmini açmaq, müvafiq problemləri zamanında qiymətləndirib həll etmək imkanı yaradır. Digər tərəfdən, yeniyetmələrin gələcək sağlam inkişaf perspektivini dəyərləndirmək, psixi sağlamlığın konturlarını əvvəlcədən cızmaq fürsəti yaranır”, - deyə ekspert bildirib.

N.Cəlil qeyd edir ki, yeniyetməlik yaş dövründə yeniyetmənin özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yaranması tam normaldır. Ancaq artıq “internet məkanına köçən” sosial mühitin təsiri altında o yanlış addımlar ata, asanlıqla deviant, cinayətkar qrupların təsiri altına düşə bilər. Bu səbəbdən, yeniyetmələrdə özünügerçəkləşdirmə tələbatını düzgün formalaşdırmaq və istiqamətləndirmək olduqca vacibdir. Yeniyetməlik yaşı dövründə həyatla bağlı təsəvvürlərin, şəxsiyyətin intensiv formalaşması baş verdiyindən onların maraq dairəsi yetərincə geniş və mütəhərrik olur:

“Uşaqlıqla gənclik arasında özünəməxsus keçid dönəmini yaşayan yeniyetmələr dəb, trend, populyarlıq axtarışında olurlar. Onlar asanlıqla məşhurlaşmaq xəyalına düşürlər. Özlərini başqaları ilə müqayisə etmək meyli, onlar üçün xüsusi məna kəsb edir. Əgər sosial mühitdə valideynləri, yaxınları, doğmaları, müəllimləri, dostları tərəfindən lazım olan diqqəti, dəstəyi görməsələr, nəyin yaxşı və nəyin pis, eləcə də nəyin doğru və ya yanlış olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu, onların gələcəkdə yetkin insan, formalaşan şəxsiyyət kimi, mövqeyinə, sosial münasibətlərinə xüsusi təsir göstərir. Heç də təsadüfi deyil ki, yeniyetməlik yaşını çox vaxt böhran yaşı dönəmi kimi fərqləndirirlər. Çünki bu yaş dönəmindən insanın psixikasına, düşüncəsinə hopan fəsadları, mənfi izləri sonradan dəyişmək, silmək çox çətin, hətta mümkünsüz olur. Belə hallarda ən böyük yanlışlıq uşaqlara sərt, yersiz məhdudiyyətlər, qadağalar qoymaqdır. Sosioloji, psixoloji araşdırmalar, həyat təcrübəsi göstərir ki, belə məhdudiyyətlər çox vaxt effekt vermir. Əksinə, bu halda yeniyetmələrin internetə, “tiktok”a, sosial şəbəkələrə marağı daha çox artır, gizli (latent) asılılıq fenomeni yaranır. Ən doğru yol, səhv qərarlar qəbul etdikdə hansı fəsadlarla və ya  problemlərlə üzləşə biləcəklərini uşaqlara ciddi və inandırıcı bir tərzdə izah etməkdir. Digər tərəfdən, onlara hiss olunan sərbəstlik verməklə intizama, məsuliyyətə alışdırmaq da hər zaman böyük fayda verir. Çalışmaq lazımdır ki, uşaqlar, yeniyetmələr internetdən deyil, internet onlardan asılı olsun. Onlar yanlış addım atdıqda, səhv hərəkət etdikdə belə bu səhvin aradan qaldırılmasına, düzəldilməsinə şərait yaradılmalıdır. Yəni, “Böhran yaşıdır, düzələcək” deyərək, məsələnin üzərindən sükut ilə keçməməliyik. Çünki problemi inkar etmək və ya görməzdən gəlmək onu çox vaxt daha da dərinləşdirir. Ona görə, qabaqlayıcı, önləyici, profilkatik tədbirlərin tətbiqi hər zaman çox vacibdir”,- deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »